Qarabağdakı ermənilərə Azərbaycan pasportu verilir?

“İstər Xankəndi, istər Xocavənd erməniləri olsun, hər biri Azərbaycan vətəndaşıdır, ona görə də bizim qanunları qəbul etməlidirlər”

  Qarabağda yaşayan ermənilərə verilmiş Ermənistan Respublikasının pasportlarının vaxtı uzadılmır. Qeyd olunub ki, Qarabağdakı ermənilərin hamısında bu pasportlardan var. Çünki qondarma “Artsax”ın saxta pasportu dünyanın heç bir yerində, hətta Ermənistanın özündə belə qəbul edilmir. Ermənistan mediasının gündəmə daşıdığı problem odur ki, Qarabağ ermənilərinin əksəriyyətinin şəxsiyyətini təsdiqləyən sənədlərin vaxtı bitib, lakin onlara yeni pasport verilməyib. 

Deyilənə görə, məmurlar onlara edilən müraciətləri geri çevirərək, ümumiyyətlə, erməni pasportunun verilməyəcəyini bildiriblər. Ermənistan mediası bu cür xəbərlər fonunda Azərbaycanla reinteqrasiyanın qaçılmazlığı haqqında ağlaşma qurmaqdadır. Bəzi erməni ekspertləri isə iddia ediblər ki, Qarabağdakı ermənilərə rus pasportları veriləcək. O səbəbdən İrəvan bölgədəki ermənilərə yaxın durmur.  

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə bildirib ki, bənzər anormal addımların və təhlükəli məqsədlərin daha əvvəl də şahidi olmuşuq. Analitik xatırladıb ki, 44 günlük müharibədən sonra qondarma rejim rus dilini "dövlət dili" elan etmişdi:

 "Rus dilinə xüsusi statusun verilməsi, orada yaşayan ermənilərə rus pasportunun paylanması xəbərləri separatçıların Moskvanın himayəsində olması görüntüsü kimi qiymətləndirilə bilər. Əlbəttə, Rusiyanın özü də bu məsələdə maraqlı tərəfdir. Ermənistanda təsiri azalan Kreml bunun əvəzini Qarabağda çıxmağa çalışır. Rusiya Qarabağdakı erməniləri nə olursa-olsun, əlində saxlamağa çalışır və siyasi məqsədləri üçün istifadə edir. Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlıları ilə erməni qızlarının evlənməsi prosesi üzərindən də rus pasportlu ermənilərin sayı artırılır. Bu, Azərbaycan qanunlarına zidd aparılan prosesdir. Dövlətimiz mümkün qədər tez zamanda Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığına qəbul olunması üçün səylərini artırmalıdır".

  S.Əsədli hesab edir ki, Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir:

 "Bu məsələnin qarşısı mütləq alınmalıdır, sabah gec ola bilər. Rusiya bu oyunları Gürcüstanda, Ukraynada həyata keçirib. Özünə loyal tayfalara rus pasportu paylamaqla sonradan bu ölkələrin ərazisində qondarma "respublikalar" yaradıb. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Halbuki istər Xankəndi, istər Xocavənd erməniləri olsun, hər biri Azərbaycan vətəndaşıdır, ona görə də bizim qanunları qəbul etməlidirlər. Lakin əvvəlcə sülh müqaviləsi bağlanmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, məsələ həll olunmalıdır".