Qətiyyətin təntənəsi:Laçın-Xankəndi yolunda indi bayrağımız dalğalanır

Heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi

Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha təsdiqlədi


  Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində əldə olunan növbəti uğur Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. Göründüyü kimi, 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun qətiyyətli lideri İlham Əliyev qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir. Xüsusi qeyd olunmalıdır ki, ermənilərin və bəzi qərəzli dairələrin iddia etdiyi kimi Azərbaycanın bu yolda Dövlət Sərhəd Xidmətinin (DSX) nəzarət-buraxılış məntəqəsini qoyması Qarabağda yaşayan mülki ermənilərin həmin yoldan istifadəsini qətiyyən məhdudlaşdırmır. 

Əksinə, nəzarət-buraxılış məntəqəsi qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Ekofəallar etiraza başlayanda da erməni təbliğatçıları iddia edirdilər ki, guya, Xankəndidə "humanitar fəlakət" yaşanır. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğatı aparırlar. Lakin hər kəs dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilər. Separatizm meyilləri olan şəxslər üçün isə qapı açıqdır: 

"Bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz". 

  Xatırladaq ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan dəhlizin 20 km enində və Ermənistanın nəzarətində olmasında təkid edirdi. Lakin Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə nəticələndi.

 Sözügedən müddəalar üçtərəfli bəyanatda əksini tapdı və yeni yol ilyarıma istifadəyə verildi. Ermənistanın 7 km yolu süni şəkildə ləngitməsi, 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törətməsi buna mane ola bilmədi. Laçının mərkəzi 2022-ci ilin sentyabrında heç bir qurban olmadan Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı bunu tarixi hadisə adlandırdı: “Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaq”. 
Əfsuslar ki, sonrakı dönəmdə Ermənistanın təxribatçı hərəkətlərinin şahidi olduq. Müharibədə aldığı sarsıdıcı zərbələrə baxmayaraq, sonrakı mərhələdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsini davam etdirdilər. Eyni zamanda Azərbaycanın Qarabağda təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana daşınması halları baş verirdi. Xüsusilə, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qanunsuz istismar olunurdu. 

Qarabağdakı Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycanın təbii sərvəti talanaraq Ermənistana, oradan da xaricə daşınırdı. Azərbaycan dövlətinin Rusiya sülhməramlıları ilə danışıqlar nəticəsində adıçəkilən yataqlara baxış keçirilməsi və monitorinq aparılması razılaşdırılsa da, Moskvanın xüsusi missiya ilə Qarabağa göndərdiyi Ruben Vardanyanın təşkilatçılığı ilə separatçı tör-töküntülərinin buna imkan verməməsi əks addımların atılmasını zəruri edirdi. Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına ağır zərbələr vurulmasına imkan verməmək üçün ekoloji fəallar 2022-ci il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində fasiləsiz etiraz aksiyasına başladılar. Bununla da ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkdilər. Tezliklə Laçın da daxil olmaqla, digər azad olunmuş ərazilərə mülki insanlarımızın köçməsini nəzərə alsaq, bu yoldan separatçıların və digər silahlıların sərbəst istifadəsi böyük təhlükələrə səbəb ola bilərdi. Çünki ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr yaranması qaçılmaz idi. Sözsüz ki, vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün də qəbuledilməz hesab olunurdu. Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha təsdiqlədi. Ekofəalların bu addımını dəstəkləməli olan beynəlxalq təşkilatlar, dövlətlər 30 illik işğal dövründə olduğu kimi, yenə də ədalətsiz mövqe ortaya qoydular. Azərbaycana qarşı kampaniyalar təşkil edildiyi, təzyiqlər göstərilməsinə cəhdlər oldu, xarici mediada Azərbaycana qarşı qara piar aparıldı ki, guya, Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir. Əlbəttə, heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməyə davam etdi, Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək, onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Əvəzində ermənilər təxribatlarını, ara yollarla Ermənistandan Qarabağa silah və hərbi texnika daşınmasını davam etdirdilər. Müdafiə Nazirliyi bu ilin mart ayında dəfələrlə məlumatlar yayaraq, Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşdiyini, bunun Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alındığını bildirirdi. Məlumatlarda qeyd olunurdu ki, bu yollardan, həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur. Yaranmış vəziyyət nəzərə alınaraq, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri nəzarət tədbirləri həyata keçirildi. Bəzi yüksəkliklər götürüldü, yola və əraziyə nəzarət təmin olundu. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri də nəzarətimizə keçdi. Lakin ermənilər çirkin məqsədlərinə çatmaq üçün yenə də ərazidə gizli, alternativ yollar axtarmağa başladılar. Belə olan halda Azərbaycan qətiyyətli addım ataraq aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. 
Şübhəsiz, bu addım Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsidir.