Vaxtında doğru addım atıldı

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Qarabağda yaşayan ermənilər üçün də lazımdır

Çünki İrəvandan gələn emissarlar və təhlükəli ünsürlər onların Azərbaycan cəmiyyəti ilə inteqrasiyasının qarşısını alırdı


  "Hər bir müstəqil və suveren dövlət öz sərhədlərini qorumağa mükəlləfdir. Azərbaycan da beynəlxalq hüququn verdiyi bu imkanlardan istifadə edərək ərazisinə giriş-çıxışı tənzimləməli, təhlükə və təhdidlərdən mühafizə etməlidir". Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Əli Oruclu deyib. Analitik bildirib ki, Azərbaycanda bütün etniklərə eyni hüquq şamil olunur və müstəsna imtiyazlı etnik qrupun olması mümkün deyil:

"Rəsmi Bakı sərhədlərinin mühafizəsini öz üzərinə götürməliydi və götürdü. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın təhlükəsizliyi və xarici əks-təsirlərdən qorunması üçün vacib idi. Çünki həmin yola nəzarətin olmaması ermənilərin əl-qolunu açırdı və onlar da bu fürsətdən sui-istifadə edərək ölkəmizə silah-sursat, partlayıcı qurğular, canlı qüvvə daşıyırdılar. Təəssüf ki, bütün bunları ərazilərimizdə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin himayəsi altında həyata keçirirdilər. Qarabağ iqtisadi rayonunda yaşayan və hələ də separatizm meyillərindən əl çəkməyən ermənilərin təxribatlarına rəvac verilirdi".
  Ə.Oruclu vurğulayıb ki, 10 noyabr bəyanatının şərtlərinə görə, Qarabağda yerləşən erməni hərbi birləşmələri çıxarılmalı, həmçinin Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat dəhlizi açılmalı idi: "Azərbaycan üzərinə götürdüyü şərtləri tam və vaxtında icra etdi. Bunun əvəzində ancaq təxribatlar gördük. Nəticədə vətəndaşlarımız həlak olur, sağlamlıqlarını itirir, infrastruktura ziyan dəyir, təbii sərvətlərimiz talan edilir, yenidənqurma-tikinti işlərinə maneçilik törədilir, məcburi köçkünlərin öz yurdlarına qayıtmaları prosesi ləngiyir. O baxımdan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması tam doğru addımdır. Bununla özümüzü xarici təhlükələrdən və təxribatlardan tam qorumuş olacağıq. Əslində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün də lazımdır. Çünki İrəvandan gələn emissarlar və təhlükəli ünsürlər onların Azərbaycan cəmiyyəti ilə inteqrasiyasının qarşısını alırdı. Normal yaşamalarına problemlər yaradırdı. Rusiya sülhməramlılarının öhdəliklərini yerinə yetirməməsi, ermənilərə havadarlıq etməsi rəsmi Bakını məcbur etdi ki, bu missiyanı da öz üzərinə götürsün".

  Ekspert hesab edir ki, Bakı qətiyyətli addımlar atmasa, öz təsirli mexanizmlərini işə salmasa, erməni-rus işbirliyi Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına, sərhədlərin qorunmasına və təhlükəsizliyin təmin edilməsinə imkan verməyəcək:

 "Rusiya sülhməramlı kontingentinə Moskvanın işğalçı, təcavüzkar müharibələrində fəal iştirak edən generalı komandan təyin etməsini sıradan dəyişiklik hesab etmirəm. Görünür, Rusiya ermənilərlə birlikdə hansısa məkrli planlar üzərində işləyir. Odur ki, Azərbaycanın növbəti həmləsi erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması olmalıdır. Azərbaycan özünün qətiyyətli iradəsini göstərməlidir ki, bizi zəif bilməsinlər".