Lentsov xeyrə gəlməyib

Onun Qarabağa göndərilməsi ciddiyə alınmalıdır

“Biz Laçında qurulmuş sərhəd-keçid məntəqəsini möhkəmləndirməli və sərhədlərimizə nəzarəti tam həyata keçirməliyik”


  Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov əvvəlcə Qarabağa, oradan İrəvana yollanıb. Lentsov Ermənistanda müdafiə naziri Suren Papikyanla görüşüb. Görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, attaşe İqor Şerbakov və sülhməramlıların keçmiş komandanı Andrey Volkov iştirak ediblər. 

Tərəflər Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər. Həmçinin Laçın yolundakı durumdan və sülhməramlıların Qarabağdakı fəaliyyətinin səmərəliliyinin artırılmasından danışılıb. Lentsovun Xankəndidə xoş qarşılanmadığı deyilir. Separatçıların rəhbəri Araik Arutyunyanla görüşdükdən sonra o, son vaxtlar Rusiyanı kəskin tənqid edən Tiqran Petrosyanla bir araya gəlib. Petrosyan görüş zamanı generala Rusiya sülhməramlılarının Qarabağda etimadının qalmadığını bildirib. Lentsov isə Qarabağa məhz Laçın yolu ilə bağlı böhranın aradan qaldırılması üçün gəldiyini deyib. Qeyd edək ki, Petrosyan Paşinyanın adamı sayılır. O, Lentsovun gəlişindən bir gün öncə qondarma rejimin “antiböhran şurasına rəhbəri” təyin edilib.

  Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya Qarabağa əvvəlkilərdən daha təcrübəli və rütbə baxımından daha yüksək hərbçini rəhbər göndərməklə Cənubi Qafqazın bu dövlət üçün əhəmiyyətli olduğunu, regiondan əl çəkməyəcəyini nümayiş etdirir. Politoloq diqqətə çatdırıb ki, Rusiyanın indiki çətin durumda əhəmiyyətli sayda hərbi qüvvəni Ukrayna cəbhəsindən kənarda saxlaması bu fikri təsdiqləyir:

"Lentsovun ilk olaraq İrəvana getməsi Ermənistanı dilə tutaraq Qarabağ məsələsində geri durmamalarını təmin etmək məqsədi daşıyır. Həmçinin erməniləri separatizmə daha çox həvəsləndirmək niyyətindən xəbər verir. Son vaxtlar Nikol Paşinyanın bəyanatlarından aydın olur ki, İrəvan Qarabağda erməni separatizmini Rusiyanın maraqlarına uyğun şəkildə dəstəkləməkdə maraqlı deyil. İrəvan başa düşür ki, Rusiya yalançı dəstək göstərməklə bölgədə sülhün əldə olunmasını gecikdirir. 

Bu isə bölgə dövlətlərinin, o cümlədən Ermənistanın maraqlarına ziddir. Amma Lentsovun İrəvanda nə isə əldə edib-etməyəcəyini proqnozlaşdırmaq çətindir. Çünki erməni hökumətinin tez-tez mövqe dəyişdirməsi adət halını alıb. Əsas məsələ odur ki, biz Laçında qurulmuş sərhəd-keçid məntəqəsini möhkəmləndirməli və ümumiyyətlə, sərhədlərimizə nəzarəti tam həyata keçirməliyik. 

Həmçinin Rusiyaya və dünyaya bölgədə başqa dövlətlərin hərbi güc saxlamasının yolverilməz olduğunu tez-tez xatırlatmalıyıq".