Ermənistanın mina terroru davam edir

Beynəlxalq instansiyalar isə susmağa üstünlük verir



  "Beynəlxalq instansiyalar Ermənistana ciddi təzyiq göstərməlidir". Bunu millət vəkili Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıqlarını ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər: "Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir. Ötən əsrin 90-cı illərindən bu günə qədər 3300 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub. Təkcə son bir həftə ərzində 4 vətəndaşımız mina partlaması nəticəsində həlak olub".

Parlament üzvü əlavə edib ki, Ermənistan özünü cəzasızlıq şəraitində hiss edir: “Ermənistan beynəlxalq hüququn normalarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozmağa davam edir. Beynəlxalq instansiyalar isə susmağa üstünlük verir. Bunun nəticəsində beynəlxalq mina təhlükəsizliyinin təmin olunması imkanları ciddi şəkildə məhdudlaşır. Ona görə də Ermənistana ciddi təzyiqlər göstərilməlidir”. 
  Xatırladaq ki, mayın 1-də Cocuq Mərcanlıda 1964-cü il təvəllüdlü Oktay Alışov minaya düşərək həlak olub.