Paşinyan  sülh sazişini imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq - Şərh

"ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlarda əsas məsələlər üzrə mövqelərin fərqli qaldığı etiraf edilib. Buna baxmayaraq, Entoni Blinken müsbət nəticəyə ümidlidir". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdi idi: 

"2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü oldu. Danışıqlar budəfəki kimi intensiv olaraq 4 gün davam etdi, ancaq nəticəsiz qaldı. Çünki Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqton gələcəkdə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da görüş təşkil etməyə çalışacaq. Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, Entloni Blinken isə müsbət nəticə əldə etməyə çalışacaq. Sülh sazişinin imzalanması Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır.  Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “risqə” getmək istəmir. Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur".