Qarabağın hər bir rayonunda məscidlər bərpa olunur

Bu, həm də Prezident və ailə üzvlərinin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduqlarını göstərir


  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa və Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidlərinin açılışında iştirak ediblər. Prezident və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. 

Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib. Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.

 Bugünədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib. Məlumat verilib ki, bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb. 

  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Saatlı məscidinin də açılışında iştirak ediblər. Bildirilib ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. 

“PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb. Dövlət başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində ağac əkiblər. 
  Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa və quruculuq işləri sürətlə aparılır. Yaşayış binalarının, məktəb və bağçaların inşası ilə yanaşı tarixi-dini abidələrimizin bərpasına da xüsusi önəm verilir. Hər bir rayonda məscidlərin bərpasına və yenilərinin inşasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Bu, həm də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduqlarını göstərir. Həmçinin din-dövlət münasibətlərinin nə qədər inkişaf etməsindən xəbər verir. 

  Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, Prezident və birinci xanımın Qarabağa, Şərqi Zəngəzura növbəti səfərlərini və əvvəlki vaxtlarda olduğu kimi yeni obyektlərin, mədəniyyət abidələrinin təməlinin qoyulmasının şahidi olduq. Eyni zamanda Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində aparılan təmir-bərpa işlərinin yekunlaşdığının şahidi olduq: 

"Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev səviyyəsində milli-mənəvi dəyərlərimizə dövlətin qayğısı ən yüksək səviyyədədir. Bu gün Azərbaycanda məscidlər dövlət tərəfindən təmir və bərpa olunur. Dünyanın çox az ölkəsində məscidlərin inşasını, təmir-bərpa işlərini dövlət öz üzərinə götürür. Azərbaycan azsaylı ölkələrdəndir ki, məscidlərimizə, dini abidələrimizə daim diqqət və qayğı göstərir.

Bu həm də cənab Prezidentin, birinci xanım Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə, onların qorunmasına, Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə xüsusi həssaslıqla yanaşdıqlarını bir daha açıq-aydın göstərir. Bu siyasət nəticəsində Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin mərkəzlərindən birinə çevrilib. 

Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Ölkəmizdəki ənənənin möhkəmlənməsinə öz töhfələrini verirlər".