Qarabağda separatçıların son nəfəsidir

Onların yeganə yolu Azərbaycana təslim olmaqdır

Təlim və müharibə hazırlıqları özləri üçün qazdıqları quyudan başqa bir şey deyil


  Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır. Deyilənə görə, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir. Birincisi, seperatçılar arasında daxili qarşıdurma var. Samvel Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib. İkincisi, müharibəyə hazırlıqlarıdır. Separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır. Müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi də istisna edilmir. Bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şayiələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, instaqram və vatsap qismən bloklanıb: “Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”. 

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə deyib ki, separatçı rejimin arasında qarşıdurma onların fərqli-fərqli xarici qüvvələrə alət olmalarının sübutudur. Partiya rəsmisi vurğulayıb ki, Qarabağda məsələnin dərinləşməsində maraqlı olan xarici dövlətlər, Fransa, İran kimi tərəflər müxtəlif yollarla onları idarə etmək istəyir: 

"Ola bilsin, separatçıların arasındakı parçalanmanın bir səbəbi də budur. Parçalanan tərəflərin hərəsi öz ağasına qulaq asır. Biz onların parçalanmasından bəhrələnək və öz maraqlarımızın təmin olunması üçün işlər görməliyik. Hesab edirəm ki, Azərbaycan tərəfi lazımi bütün işləri görür. Onlardan revanşizmə, savaşı alovlandırmağa meyilli olan tərəfin aqibəti isə daha ağır olacaq. Artıq Nikol Paşinyan demək olar ki, Qarabağın Azərbaycan ərazisi olmasını qəbul edir. Separatçıların bu addımı axırda Paşinyanın da onlardan imtina etməsinə gətirib çıxaracaq. O halda separaçıların tam zərərsizləşdirilməsi labüdləşəcək. Çünki dağıdıcı hərəkətlər sülh müqaviləsinə və Paşinyanın da maraqlarına ziddir. Odur ki, Paşinyan hakimiyyəti və separatçılar arasında hətta qarşıdurma da ola bilər".

  T.İrfanın sözlərinə görə, ümumiyyətlə, separatçıların son nəfəsidir: 

"Hansısa üsulla öz varlıqlarını qorumaq naminə çapalayırlar. Ancaq onların yeganə yolu Azərbaycana təslim olmaqdır. Təlim və müharibə hazırlıqları özləri üçün qazdıqları quyudan başqa bir şey deyil. Hansısa təxribatlara əl atsalar belə Paşinyan hakimiyyətinin onların təxribatına dəstək olaraq müharibəyə yol verəcəyi inandırıcı deyil. 

O zaman beynəlxalq aləmdə aparılan danışıqlarda Paşinyan ifşa oluna bilər. Rusiyanın separatçılara verdiyi dəstəyin mahiyyəti ömür boyu o ərazidə münaqişənin kökünün kəsilməməsi siyasətidir. Moskva heç bir nöqtədə vaxtilə özünün yaratdığı münaqişə ocağının tam sönməsində maraqlı deyil. 

Buna baxmayaraq, Qarabağda heç bir ciddi qarşıdurmadan və müharibədən söhbət getmir. Separatçılar tədricən parçalanıb məhv olacaqlar".