Laçın postundan sonra üçtərəfli razılaşma arxa plana keçib

Böyük ehtimalla Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək

  "Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşündə bildirdi ki, Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində üçtərəfli razılaşmaların alternativi yoxdur". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Rusiyanın baş diplomatı nəzəri baxımdan düz deyir: "Müharibədən sonra tərəflər arasında liderlərin imzaladığı yeganə sənəd üçtərəfli razılaşmadır.

Lakin bunun siyasi baxımdan da alternativsiz olması üçün indiyə qədər orada əksini tapımış bəndlər icra edilməli idi. Qarabağdakı erməni silahlı dəstələrin çıxarılması, Naxçıvana maneəsiz keçid verilməsi və s. Nə Ermənistan öhdəliklərini yerinə yetirdi, nə də Rusiya bunu etdi. Laçın postunun qurulmasından sonra ümumiyyətlə üçtərəfli razılaşma arxa plana keçib. 

Böyük ehtimalla Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək, xarici işlər nazirlərinin, daha sonra liderlərin Moskva görüşündə bu, müzakirə edilə bilər. Hərçənd, erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir".