Xankəndidə yaşayanlar normal həyat istəyir

Ona görə son aylarda Xankəndidə yaşayan ermənilər Azərbaycanın dövlət qurumları ilə əlaqəyə giriblər

  Ermənistan və onun havadarları Qarabağdakı separatçılarla birlikdə Azərbaycanın sülh çağırışlarına təxribat törətməklə cavab verirlər. Hətta xarici mediada da qeyd olunur ki, Qarabağdakı terrorçular planladıqları çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Məlumata görə, onlar Xankəndidə bir neçə ermənini öldürərək bunu Azərbaycan tərəfinin törətdiyini iddia etmək istəyirlər. 
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Azərbaycan dövlətinin müvafiq orqanları ermənilərin bütün təxribat planlarına qarşı qabaqlayıcı, operativ tədbirlər görürlər. Professorun sözlərinə görə, Qarabağda ermənilərin təxribat ssenarilərinə hazırlığı, özlərindən olanı qurban verərək, cinayəti azərbaycanlıların üzərinə atmaqları yeni deyil:

"90-cı illərdə "Miatsum" ideyasının həyata keçməsi üçün maddi yardım göstərməyən erməniləri müəyyənləşdirir və onları məhv edirdilər. Sonra da günahı bizimkilərin üzərinə atırdılar. Həmin metoddan Qarabağda da istifadə etmək niyyəti güdürlər. Məsələ ondadır ki, son aylarda Xankəndidə yaşayan ermənilər Azərbaycanın dövlət qurumları ilə əlaqəyə giriblər. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər. Çünki onlar üçün ən mühüm amil normal həyat şəraitinə sahib olmaqdır. Görünür, "Daşnaksütyun" üzvləri həmin erməniləri qurbanlar siyahısına salıblar. Onları öldürərək günahı azərbaycanlıların üzərinə atmağı planlayırlar. Ola bilsin, Azərbaycanın antiterror əməliyyatlarının gecikmə səbəblərindən biri də budur. Separatizm olan yerdə bu tip təxribatların olma ehtimalı yüksəkdir. Ermənilərə bel bağlamaq olmur, daim təxribat barədə düşünürlər".