Laçında üzlər gülür


İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Məskunlaşma prosesinin sürətlənməsi müşahidə olunur

Artıq gələn aydan etibarən Füzuli şəhərinə də köç başlayacaq

  İyulun 25-də daha 89 nəfərdən ibarət 19 ailə doğma yurduna – Laçına yola salınıb. Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib. "Böyük Qayıdış" proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər də keçirilir. İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsi təmin ediləcək. Nazirlikdən verilən məlumata görə, artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib. Bu əsasda növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq. Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır. Bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilmişdi ki, ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub. Prezident İlham Əliyev də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib ki, Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarına investisiyalar 113,5 milyon dollar həcmində qiymətləndirilir. Dövlət başçısı vurğulayıb ki, iki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır: "Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulub. Bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilib. 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilib və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.
İşğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri də nəinki qonşularımızı, həm də beynəlxalq aləmi yaxşı mənada heyrətləndirir. Bu həm də, düşmənlərimizə bir göz dağıdır, onları bizimlə hesablaşmağa istiqamətləndirən müsbət tendensiyadır. Prezident İlham Əliyevin Müstəqillik Günündə Laçına səfəri və orada "Böyük Qayıdış"ın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verməsi həm zaman, həm də məzmun baxımından ciddi tarixi əhəmiyyət daşıyırdı. İlk növbədə ona görə ki, Vətən müharibəsinə qədərki 30 illik dövrdə aparılan danışıqlarda Laçın əsas məsələlərdən biri olub. Ermənistan və onun havadarları həmişə işğal altındakı digər rayonları sözdə qaytarmağa "razı" olsalar da, Laçını heç vaxt "güzəştə" getməyəcəklərini bildirirdilər. Ancaq Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbəsi nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını bir güllə atılmadan təhvil versin.
  Bundan başqa, postmüharibə dövründə ermənilər ən çox təxribatları məhz Laçın istiqamətində törədirdilər. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi şəraitdə ölkəmizin başçısının məcburi köçkünlərin Laçın şəhərinə ilk qayıdışını reallaşdırması və oradan verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, həm də bölgə üçün yeni yol xəritəsini yaratdı. Prezident Laçına "Böyük Qayıdış"a start verməklə dünyaya bu torpaqlara dönüşün əbədi və əzəli xarakter daşıdığını göstərdi. Eyni zamanda açılışlarını və təməlqoymalarını rellaşdırdığı infrastruktur layihələri ilə 30 il bu torpaqları xarabazara çevirmiş ermənilərdən fərqli olaraq Azərbaycanın qurucu, yaradıcı bir ölkə olduğunu göstərdi. Qeyd edək ki, son 7-8 ay ərzində Laçında 700 bina inşa edilib ki , onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli bina və sairdir. Ümumilikdə ilkin mərhələdə 764 ailə Laçın şəhərində yaşaya biləcək.
  Dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda, təbii olaraq "Böyük Qayıdış"a dair I Dövlət Proqramının icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, sürətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində – bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə, "Böyük Qayıdış" proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. "Böyük Qayıdış" proqramı, məskunlaşma prosesi dünya təcrübəsinə uyğun, insanların sosial-rifahı, məşğulluğu, iş imkanları, yaşayış tərzi nəzərə alınaraq aparılır. Ölkə başçısının da görüşlərindən birində bildirdiyi kimi, məskunlaşma prosesində diqqətçəkən məqamlardan başlıcası Laçında bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirməkdir. Çünki bu həm onların yaşaması, eyni zamanda nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Ərazi baxımından bir-birinə yaxın yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl həyat, iş şəraiti yaradılacaq.
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, bütövlükdə son aylarda məskunlaşma prosesinin sürətlənməsi müşahidə olunur. İqtisadçı deputatın sözlərinə görə, Laçın başda olmaqla digər bölgələrimizə sürətli köçün baş verməsi kifayət qədər müsbət haldır:

"Vətəndaşlarımız 30 ildən sonra öz dədə-baba yurdlarına qayıdırlar. Artıq gələn aydan etibarən Füzuli şəhərinə də köçün başlayacağı deyilir. Eyni zamanda proses 2023-cü ilin sonu və 2024-cü ilin əvvəllərində yenidən aktivləşəcək və kütləviləşəcək. Bütövlükdə 2026-cı ilədək 150 minə yaxın vətəndaşımız öz ata-baba yurdlarına, Qarabağ və Şərqi Zəngəzura qayıda biləcəklər. Laçında məskunlaşma xüsusilə vacibdir. Çünki Laçın strateji baxımdan Azərbaycan üçün vacib bölgələrdəndir. Nəzərə alaq ki, son günlərdə yaşanan olaylarda Laçının strateji önəmini bir daha müşahidə etdik. İlin sonunadək 2 min ailə işğaldan azad edilmiş və bərpa olunmuş ərazilərimizə qayıdacaqlar".