"Sherg.az" xəbər verir ki, kütləvi məzarlıq avqustun 1-dən 15-dək Şuşa həbsxanasının tullantı su quyusunda aparılan qazıntılar nəticəsində aşkarlanıb.
Kütləvi qəbiristanlıqda tapılan sümüklər üzərində aparılan müayinələrdə öldürülən 6 nəfərin qarın nahiyəsindən mismarla qalıqlarının tapıldığı və bu şəxslərə mismarla işgəncə verildiyi müəyyən edilib. Eyni zamanda, meyitlərin ilkin müayinəsi zamanı həmin şəxslərin bədənlərində güllə izlərinin olduğu, müxtəlif əşyalarla vurulduğu, kəsici-deşici alətlərlə işgəncələrə məruz qaldıqları, başlarının bədəndən ayrı basdırıldığı müəyyənləşib.
Azərbaycan Məhkəmə Tibbi Ekspertizanın əməkdaşları sümüklərdən götürülən DNT nümunələrini 1992-1994-cü illərdə Ermənistan ordusu tərəfindən öldürülən insanların yaxınlarının DNT-ləri ilə müqayisə edəcəklər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 1 milyona yaxın azərbaycanlı didərgin düşüb, müharibə zamanı ən azı 30 min azərbaycanlı erməni silahlı birləşmələr tərəfindən qətlə yetirilib. 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil.
Mənbə: Hürriyyet