Bu ilin sonlarında Füzulidə daha 26 binanın tikintisi başa çatdırılacaq

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.

Trend xəbər verir ki, sonra dövlət başçılarına və xanımlarına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksi barədə məlumat verilib.

Bildirildi ki, ümumi sahəsi 8,9 hektar olan kompleks 38 yaşayış binasından ibarətdir. Binalar 4, 5, 6 və 7 mərtəbəlidir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur.

Hazırda kompleksin inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Altı bina və 144 mənzildən ibarət birinci məhəllənin tikintisi cari il avqustun sonlarında başa çatdırılacaq. Altı bina və 123 mənzildən ibarət ikinci məhəllə isə sentyabrda təhvil veriləcək. Ümumilikdə 579 mənzildən ibarət daha 26 binanın tikintisi bu ilin sonlarında başa çatdırılacaq.

Burada bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq sakinlərin istifadəsinə veriləcək. Bütün binalar mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və liftlə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları, istirahət guşələri, uşaq oyun və idman meydançaları da yaradılacaq.