Dağlıq relyef  nəzərə alınıb: Laçında tramvay məhdud marşrutu əhatə edəcək - EKSPERT

Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçına növbəti səfəri nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşməsi baxmından da  yaddaqalan oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev şəhərin əsas küçəsində qurulmuş sərgi ilə tanış olarkən tramvaya da baxıb. Dövlət başçısı tramvayın küçə boyu işləməsilə bağlı tapşırıq verib. 

Bu o deməkdir ki, Laçın şəhərinin mərkəzi hissəsində, əsas küçədə tramvay fəaliyyət göstərəcək. Bu barədə məlumat Prezidentin Laçına səfərini işıqlandıran Azərbaycan Dövlət Televiziyasının efirində səslənib.
Laçında tramvayın işləyəcəyi ilə bağlı məlumatı “Sherg.az”a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qeyd etdi ki, burada söhbət, turistik tramvaydan gedir: 

- Çox güman ki, bu, turistik tramvay olacaq. Yəni, təkərli tramvay, relsli yox. Bu, Laçının dağlıq relyefinə uyğundur.  Və Laçının dağlıq relyefi nəzərə alınaraq da məhdud marşrutu əhatə edəcək. Əgər biz yüngül relsli, ekoloji təmiz dəmir yolu sistemindən danışırıqsa, relsli tramvaylar olmalıdır. Məhz bu cür tramvayların həm paytaxtda, həm də digər şəhərlərdə nümunələrini görmək çox gözəl olardı. Relsli tramvayların həm ekoloji təmiz, həm iqtisadi cəhətdən sərfəli, həm də ən rahat ictimai nəqliyyat olduğunu bir daha vurğulamaq istərdim.