Qarabağa qarşı bütün qara planlar bloklanıb

Türkiyənin də iradəsi ortadadır

Proseslər Ermənistanla sülh və Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması ilə nəticələnəcək
  
Qarabağda keçirilən qondarma seçkilər təkcə Azərbaycanı deyil, Ermənistanı da narahat edib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda "Anadolu" agentliyinə müsahibəsində deyib. Türkiyə lideri bildirib ki, Qarabağda “prezident seçkiləri”nin keçirilməsi cəhdi həm Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib: "Azərbaycan bunu vəziyyəti alovlandıran proses kimi qiymətləndirdi. Əlbəttə, qardaşlarımızın şəhid edilməsi cəhdi hadisələri daha fərqli səviyyəyə qaldırdı. Xəbərdarlıqlar edildi, lakin buna baxmayaraq, heç nə dəyişmədi. Əksinə, proses davam etdi, bundan sonra Azərbaycan da addım atdı və əməliyyatını tez başa vurdu. Mənə məlumat verildi ki, 90-a yaxın mühüm hədəf məhv edilib və bununla da onların taleyi həll olunub”.
  
Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar da çıxışında ölkəmizin mövqeyini müdafiə edib. O bildirib ki, Azərbaycanın antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı: “Ermənistanın son 3 ildəki fəaliyyətindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi”. Diplomat əlavə edib ki, Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla normallaşma prosesinə başlayıb: "Ermənistan öz vədlərini təmin etməli, Zəngəzur dəhlizini açmalıdır. Qarabağ Azərbaycan ərazisidir". Bu arada Türkiyə Xarici işlər naziri Hakan Fidan da Avropa Birliyinin beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellə görüşüb. Fidan Borrellə Qarabağdakı vəziyyəti müzakirə edib.
 
 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Azərbaycan Qarabağda antiterror tədbirlərini məhz Türkiyənin siyasi dəstəyi ilə uğurla həyata keçirdi. Ekspertin sözlərinə görə, Rusiya Ukrayna müharibəsində zəifləməsəydi, Moskva belə bir əməliyyata imkan verməyəcəkdi: 

"Rusiya Türkiyə və Azərbaycanla əlaqələri böhranlı vəziyyətə gətirməmək üçün neytral qaldı. Rusiyaya iqtisadi sanksiyalar Kremli Türkiyə ilə siyasi-iqtisadi əlaqələri inkişaf etdirməyə sövq edir.
  Türkiyə kifayət qədər regional güc olaraq, beynəlxalq nizamın formalaşmasına təsir edir. Yaxın Şərq və Cənubi Qafqaz Rusiyanın deyil, Türkiyənin siyasi diktəsi ilə şəkillənir. Son dörd il ərzində Türkiyə Cənubi Qafqazda Rusiyanı neytrallaşdıra bildi. Çünki Cənubi Qafqazın Türkiyənin beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə və regional güc olmağında müstəsna yeri var".
  Analitikin fikrincə, Türkiyə Rusiyaya imkan verməzdi ki, Cənubi Qafqazda başlayan geosiyasi nizamı Qarabağda tormozlasın: "Ona görə də bu əməliyyat Türkiyə və Azərbaycan tandeminin birgə hərəkəti ilə Rusiya-İran tandemini küncə sıxışdırdı. Azərbaycanın bu qələbəsi və separatizmə son verməsi Cənubi Qafqazda yeni geosiyasi şərtlər yaradacaq. Proseslər Ermənistanla sülh və Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması ilə nəticələnəcək. Rusiya və İranın birgə hərəkəti də bloklandı. Xatırladım ki, İkinci Qarabağ müharibəsindən əvvəl Rusiya prezidenti ilə Türkiyə prezidenti arasında keçirilən görüşdə Kreml Qarabağ məsələsini Ərdoğanla müzakirə etməmişdi. Rusiya Türkiyənin proseslərə qoşulmasına razı deyildi. Bu antiterror tədbirlərindən də Rusiya məmnun deyildi. 2016-cı il aprel döyüşlərində qarşımızı alan Rusiya idi. Məsələ ondadır ki, Rusiyanın imkanları Ukraynada tükənir, Türkiyə isə güclənir".