Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb.
Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi və perspektivləri barədə danışılıb.
Antiterror tədbirləri nəticəsində separatçı dəstənin və onun yaratdığı qeyri-qanuni qurumun iflasa uğraması, bölgədə sülh və əmin-amanlıq üçün zəruri şəraitin yaradılması dərin məmnunluq hissi ilə qeyd edilib və bu tarixi nailiyyətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib, torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə dövlətimizin suverenleyinin tam edilməsi uğrunda canından keçən şəhidlərin, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalı rayonuna da qayıdışın səmərəli şəkildə təşkil olunması üçün başlanmış hazırlıq işləri, bununla bağlı dövlətimizin verdiyi tapşırıqlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, onların fikir və mülahizələrini dinləyib, suallarını cavablandırıb.
Görüşdə Xocalının məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Xocalıya qayıtmağa çoxdan hazırlaşdıqlarını deyən millət vəkili Elman Məmmədov "Sherg.az"a bildirib ki, qayıdış üçün təhlükəsizlik məsələlərinin və yenidənqurma işlərinin yekunlaşmasını səbirsizliklə gözləyirik:
"Azad olunmuş ərazilərin yenidən qurulduğu kimi artıq Xocavənddə, Xocalıda, Xankəndində və Ağdərədə bu proseslər həyata keçiriləcək. Şərait yarandıqda isə dövlət başçısının rəhbərliyi ilə öz doğma yurd-yuvamıza qayıdacağıq. Düşünürəm ki, bu qayıdış gec olmayacaq. Çünki Xocalı və Xankəndində yaşayış üçün kifayət qədər evlər var. Digər tərəfdən Azərbaycan ordusu və polisi də Xocalı, Xankəndi, Xocavənd və Ağdərədədirlər. Yəni qayıdış üçün şərait yaradılmağa başlayıb".