Azərbaycan öz ərazisinə tam nəzarət edir, qanunlarımız işləyir

Rusiya hərbçilərinə də ehtiyac yoxdur, onlar da zəhmət çəkib özlərinin darda olan vətənlərinə geri dönsünlər

  Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyasında heç bir konkretlik görmür. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Moskva İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrini davam etdirəcək: "ABŞ-nin “müdaxilələri” ilə müqayisədə Rusiya faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir.
  Azərbaycan Demokratik Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Qarabağda nə sülhməramlıya, nə də hər hansı kənar və ayrıca formalaşmış müşahidəçiyə ehtiyac var. Ekspertin sözlərinə görə, Azərbaycan məsələni Türkiyənin fəal dəstəyi ilə həll edib, bitirib: 

"Bütün dünya görür ki, Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən yerli erməni əhalisinə necə humanist davranış nümayiş etdiririk. Qərbin müşahidə missiyası nə işlə məşğul olacaq?! İndiyədək yürütdükləri birtərəfli ermənipərəst, qatı xristian təəssübkeşliyini sürdürmək, regionda sülhə olan ümidləri tamamilə dəfn etmək istəyirlər. Azərbaycan öz ərazisinə tam nəzarət edir, qanunlarımız işləyir. Rusiya hərbçilərinə də ehtiyac yoxdur, onlar da zəhmət çəkib özlərinin darda olan vətənlərinə geri dönsünlər. Digər ölkə və qurumlar bölgədəki vəziyyətlə ölkəmizdəki nümayəndələri vasitəsilə dəqiq məlumatlar ala bilərlər. Azərbaycan xalqına ATƏT-in Minsk qrupunun "ədaləti" də, "sülhməramlı missiyası" da yaxşı tanışdır. Heç bir halda dövlətimizin ərazisinə kənarda formalaşmış hərbi və ya mülki missiyanı buraxmamalıyıq".