Qarabağ və Şərqi Zəngəzura işğal dövründə vurulmuş ziyan məsələsi beynəlxalq konfransda qaldırılacaq

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində noyabrın sonunda keçiriləcək İqlim Dəyişmələri üzrə 28-ci Konfransda (COP 28) işğal dövründə Qarabağ və Şərqi Zəngəzura vurulmuş ziyanla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirdə həmçinin üç il ərzində görülən bərpa-quruculuq işləri barədə də məlumat veriləcək: "Azərbaycan iki həftə davam edəcək konfransda öz pavilyonu ilə təmsil olunacaq. Pavilyonun qurulmasına və təchizatına Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. Həmin pavilyonda müxtəlif panel sessiyalar keçirilməsi də planlaşdırılır".