Dronu 5 metr yüksəklikdə qapdı

Kanqal itlərinin ətrafında quş belə uça bilməz

Kanqal iti 5 metr yüksəklikdə olan dronu qapıb.
"Şərq"  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Tunceli vilayətində baş verib. Kanqal it ərazidə çəkiliş aparan media nümayəndələrinin dronuna qəfildən hücum edib. Bu zaman itin görüntüləri anbaan kameraya düşüb. Bu görüntülər ictimaiyyətdə böyük marağa səbəb olub. 
Hadisəni analiz edən gənc kinoloq Orhan Yalçınka bildirib ki, kanqal iti bu hücumu instinktiv olaraq edib. O qeyd edib ki, ola bilsin ki, it dronu quzulara hücum edən bir yırtıcı quş zənn edib:

"Məsələn, onun şahin və ya qartal olduğunu güman etmiş ola bilər. Çünki onlar kim sürüyə yaxınlaşırsa, bunu bir təhdid olaraq qəbul edir. Yalnız ailə üzvlərindən başqa digərlərini qəbul etmirlər. Onlar istər-istəməz sürünü təhdidlərdən qoruyurlar. İdman quruluşuna sahib olan bu itlərin əsas özəlliyi daha yüksəklərə tullanmasıdır. İtlər yaxınlaşmaqda olan təhlükəni dəf etmək üçün bütün güclərini göstərməyə hazırdırlar. Qeyd edim ki, hazırda qoyunların bala gətirmə zamanıdır. Böyük qartalların həmin quzuları tutmaması üçün kanqallar bu ərəfədə belə səylər göstərirlər. Onlar sürünü yalnız canavarlara qarşı deyil, bütün yırtıcı canlılara qarşı qoruyurlar  və bunu da instinktiv olaraq edirlər. Kanqal köpəyinin ideal çəkisi 55-60 kilo, dişiləri isə 45-50 kilo arasında olmalıdır. Amma onların çəkilərinin ağır və yüngül olmasının heç bir önəmi yoxdur. Ən əsası atletik bacarıqları olmalıdır".