Qızıl ada tapıldı

Balıqçılar nəhəng xəzinə kəşf etdi

Sumatralı balıqçılar 700 il öncəyə aid milyonlar dəyərində Budda heykəli və nəhəng xəzinəni üzə çıxarıb. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, nəhəng xəzinə tarixdə “Qızıl ada” olaraq adı keçən Sumatra adası ətrafında tapılıb. Xəzinənin İndoneziya krallığına aid olduğu ehtimal edilir. Balıqçıların xəzinəni kəşf etdikləri ərazi Musi çayının höfzəsinə aiddir və son 5 ildir bura timsahlar tərəfindən istila edilmiş bölgə kimi tanınır. Balıqçılar suyun dərinliklərindən qiymətli daşlar, mərasimlərdə taxılan qızıl üzüklər, pul vahidləri və gümüş kilsə zəngləri çıxarıb. 

Ən dəyərli tapıntı isə VIII əsrə aid üzəri cəvahiratla bəzədilmiş milyonlarla sterlinq dəyərində nəhəng Budda heykəlidir. Tapılan qiymətli əşyaların VII və XIII yüzilliklər arasında mövcud olmuş, lakin sirli bir şəkildə yoxa çıxmış Srivajava mədəniyyətinə aid olduğu bildirilir. “Daily Mail” qəzetinə açıqlama verən ingiltərəli dəniz arxeoloqu Dr Sean Kingsley “İndiyədək Srivijavanı ən böyük arxeoloqlar axtarıb, lakin tapa bilməyiblər. Son 5 ildə isə gözləmədiyimiz halda qəribə tapıntılar üzə çıxmaqdadır. Srivijava dünyadakı sonuncu güclü krallıqdır və sirlərini hələ də gizli saxlayır. “Sindbad” nağılında oxuduğumuz ləl-cəvahirat xəzinələri əslində həqiqətmiş. Onlar hələ də var”, deyib. Bundan öncə də dəniz arxeoloqları Kolumbiya sahillərinin dərinliyində bir məbəd və ətrafındakı məzarlıqlar içində zümrüd daşlar olan 8 ədəd sandıq tapmışdılar. 

Bu sandıqların 600 il əvvəl yaşamış əfsanəvi Muisca xalqına aid olduğu deyilirdi.