Yeni kralın köhnə vərdişləri 

Günorta yemək yemir, isti suyla çimməyi sevmir

  Birləşmiş Krallığın 70 il taxt-taca sahib olmuş kraliçası II Elizabetin vəfatı, oğlu, şahzadə Çarlzın kral elan edilməsinə səbəb oldu. Dünənədək ana kraliçanın kölgəsində qalmış şahzadə Çarlz yeni kral olaraq diqqət mərkəzindədir artıq. Çarlzın adı bir vaxtlar daha çox şahzadə Diana ilə hallanırdı, həm də aldadılan həyat yoldaşı olaraq. İndi isə çoxlarını Kral III Çarlzın Tanrının verdiyi ömür payının neçə ilini kral həyatı sürə biləcəyi düşündürür. Yaşı çox irəliləyib də, ondan. Bu arada, “Milliyet.com.tr” Britaniyanın yeni kralının 10 vərdişi barədə maraqlı material dərc edib. Kralın vərdişləri “yox artıq!” dedirdən qəbildəndi. 

  73 yaşlı kral III Çarlzın sabiq katibi olmuş Julian Payne bu barədə məlumat paylaşıb. Sabiq katibin dediyinə görə, kral Çarlz günorta saatlarında nahar etmir. O, daha çox səhər yeməyinə önəm verir. Onun səhər yeməyi bəzən saatlarla davam edir. Soyutma yumurta ilə bağlı qənaətlər də fərqlidir. Saray çalışanlarının bir qismi Çarlzın soyutma yumurta sevdiyini, bir qismi isə sevmədiyini iddia edir. Kral səhər yeməyində müxtəlif qidaların olmasını sevir. Kral isti suyla çimməyi də sevmir. Ancaq ilıq və az miqdarda suyla yuyunur. Kral günə qəzetləri vərəqləmək, manşet yazıları oxumaqla başlayır. Bu əsnada isə əlinin altında meyvə salatı olur. Kral qapalı yerdə qalmağı xoşlamır, kabinetdə çalışarkən də bütün pəncərələri açıq saxlayır. Günorta saatlarından öncə qaçışa çıxmağı sevir və bununla da motivasiyasını yüksəldir. Hər gün saat 17:00-da işinə fasilə verir və bütün fasilə boyunca həyat yoldaşı Camilla Parker Bovleslə keçirir. 

Fasilədə ən sevimli məşğuliyyəti isə meyvəli kek yeməkdir. Kral Çarlz gənclik illərindən cello musiqi alətində çalmağı öyrənib və bunu çox sevir. Boş vaxtlarında sulu boya ilə rəsm çəkir. 

Onun bəzi rəsm əsərləri hətta satışa da çıxarılıb. Əldə edilən məbləğ ehiyac sahiblərinə ödənilib. Yeməklər məsələsində kralın bəzi həssaslıqları var. Məsələn, kral Çarlz göbələkləri sevir, həm də məhz Britaniya ərazisində yetişənləri. 

Quzu ətini də çox sevir. “Marqarita” pizzasını da sevir. 2019-cu ildə Şotlandiya səfəri zamanı şef Ermino Di Meo şahzadə üçün məxsusi pizza hazırlamışdı, Çarlz onu bəyənmişdi. Meyvələrdənsə ən çox sevdiyi ərikdir. Kral Highgrove malikanəsinin bağçasında bitən bənövşəyi ərikləri özü toplamağı xoşlayır.

 Kral Çarlz nəsli tükənməkdə olan dələlərin xilaskarı kimi də tanınır. Dələlərin qorunması üçün dərnək təşkil edib. Kralın ən çox sevdiyi mahnı isə 1935-ci ildə ABŞ musiqiçisi Dick Povelin bəstələdiyi “Lulu.s Back in Town” mahnısıdır. Deyilənə görə, Çarlz bu mahnını hər dəfə dinləyəndə nənəsini xatırlayır.