Evliliyinizin uzun ömürlü olmasını istəyirsinizsə, əməl edin

5 vacib şərt

Mütəxəssislər uzunömürlü evliliyin formulunu tapmağa çalışır. Bu məsələdə fərqli mütəxəssislər fərqli fikirlər söyləyir, müxtəlif vasitələr, şərtlər irəli sürürlər. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, psixoloqlar evliliyin uzun ömürlü olması üçün 5 vacib şərti təqdim edib. Birincisi, həyat yoldaşına qarşı anlayışlı olmaqdır. Həyat yoldaşınızla daim ünsiyyətdə, qarşılıqlı iltifat halındasınızsa, həyat yoldaşı kimi bir-birinizi bəyəndiyinizi hiss etdirirsinizsə, qarşılıqlı təriflər, cəsarətverici sözlər deyir, müsbət mesajlar göndərirsinizsə, bu, evliliyinizi daha da möhkəmləndirəcək və siz evlilikdən bezənlərdən deyil, özünü xoşbəxt hiss edənlərdən olacaqsınız. İkincisi, həyat yoldaşı ilə birlikdə mümkün qədər çox vaxt keçirmək, uzun-uzadı söhbət etmək evliliyinizin yolunda getdiyinə işarədir.

 Üçüncüsü, ailə daxilində bir-birinizə yardım etməyə səy göstərin, ev işlərinin məsuliyətini aranızda paylaşın, bu da evliliyin möhkəmlənməsinə xidmət edəcək şərtdir. Dördüncüsü, evil olanların bir-biri ilə fiziki təmasıdır. Bu, çox önəmlidir. Əl-ələ tutmaq, həyat yoldaşının qoluna, alnına və ya yanağına toxunmaq, kiçik öpüşlər evliliyi canlı və nəşəli edir. Beşincisi, ailə həyatını yeknəsəklikdən xilas etməkdir. Bunun üçün zaman-zaman həyat yoldaşınıza sürprizlər edin. Həm də onun gözləmədiyi anda. Xüsusi əhəmiyyət daşıyan, əlamətdar günləri, tarixləri də unutmaq qətiyyən olmaz. Belə günləri birgə qeyd etmək ailəni - evliliyi möhkəmləndirir.