Xəstələrin taleyi ilə oynamaq cinayətdir

"Semaşko" kimi xəstəxanada tibbi avadanlıqların bir həftə işləməməsi biabırçılıqdır

Ötən gün məlum olduğu kimi, 1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb. Taksikoloji-kimyəvi müayinələr aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Səhiyyə Nazirliyi məsələyə reaksiya verib. Qurumun Mətbuat xidmətindən bildirilib ki, bir həftə ərzində yaranmış texniki nasazlıq aradan qaldırılacaq. 

Mövzu ilə bağlı sosioloq Sahib Altay "Şərq"ə açıqlama verib. O bildirib ki, dövlət xəstəxanalarında bu kimi problemlərin yaşanması utancvericidir:

"Ümumiyyətlə, Azərbaycan və Azərbaycan kimi statusu olan ölkələrdə vətəndaş hüququ o qədər nəzərə alınmır. Məhz buna görə də istər vətəndaş, istərsə də məmur tərəfindən xidmət sahələrində həm ləngimə, həm də ictimai əxlaqsızlıq nəzərə çarpır. Yəni bizdə və bizim statusumuzda olan ölkələrdə peşə məsuliyyəti və əxlaqı yoxdur. Bu da birbaşa olaraq hüququn işləməməsindən doğan problemdir. Yəni reallıq bundan ibarətdir. Heç bir inkişaf etmiş ölkədə belə bir problemin baş verməsi mümkün deyil. Bəli, avadanlığın hər hansısa səbəbdən sıradan çıxması mümkün ola bilər. Ancaq onun tezliklə təmiri üçün dövlət tərəfindən təşkil olunmuş servis xidməti olur. Yəni bu, özəl servis də ola bilər. Əgər problem servisin tezliklə aradan qaldıracağı problem deyilsə, bu vaxt nə edirlər? Bilirsiniz ki, indi bütün dünya texnologiya ilə idarə olunur. Həmin ölkələrdə müəyyən təchizat sistemləri var ki, həmin sistemlərdə yaranan problemlər nəzərə alınır. Yəni orda yatan nə qədər xəstə varsa, xüsusən də böyrək çatışmazlığından əziyyət çəkənlər birbaşa olaraq həmin aparat vasitəsilə idarə olunurlar.  Habelə, xəstəxanalarda ehtiyat avadanlıqlar da olur".

Sosioloq diqqətə çatdırıb ki, bir həftə ərzində yaranmış texniki nasazlığın aradan qaldırılması çox uzun müddətdir:

"Fikrimcə, bu məsələ tezliklə aradan qaldırılmalıdır. Ümumiyyətlə, bizdə hər sahədə belə məsuliyyətsizliklər nəzərə çarpır. Bir misal deyim. Məsələn, dünyada internet kommunikasiya qovşaqları ilə bağlı fəaliyyət göstərən servislər, böyük şirkətlər var. Bilirsiniz ki, internetin fəaliyyət göstərməsi üçün dünyanı bir-birinə bağlayan kabel xətləri mövcuddur. Bu da dənizlərin, okeanların altından, təxminən 100 metrliyindən keçir. Xatırlayırsınızsa, 2017-ci ildə Sakit Okeanda 467 dənə ABŞ-a gedən internet kabel  kommunikasiya xətlərindən biri köpək balıqları tərəfindən zədələnmişdi. Həmin kommunikasiya xəttinin təmiri üçün təmir şirkətləri tendensiyaya çıxarılmışdı. 7 dəqiqə müddətində bir şirkət onu həll elədi. Yerin üzündə 1 saylı Kliniki Tibbi Mərkəzdə tibbi təchizatın, texnoloji sistemin təmiri üçün bir həftə vaxt verilibsə, bu biabırçılıqdır. Bilirsiniz ki, yüzlərlə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrimiz var. Bu, birbaşa olaraq ictimai və peşə məsuliyyətsizliyi ilə bağlı olan məsələdir".