Universitetlərdən artıq çağırış səsləri eşidilir

Dərslər ənənəvi qaydada olacaqsa bütün tələbələrdən pasport tələb olunacaq

Avropada ali təhsil müəssisələri yeni tədris ilindən ənənəvi təhsilə başlamaq üçün tələbələrdən koronavirus əleyhinə peyvənd olunmalarını tələb edib. Həmçinin, Türkiyənin Kadir Has və Marmara Universiteti də tələbələrinə vaksin olunmağı tövsiyə edib. 75 min tələbəsi olan Marmara Universitetinin verdiyi açıqlamada, bildirilir ki, 2021-2022 tədris ilinin payız semestrində üz-üzə təhsilə keçmək üçün peyvəndləmə vacibdir. Kadir Has Universitetinin tələbələrinə göndərildiyi iddia edilən sosial mediada paylaşılan e-poçtda isə bildirilib ki, universitetdə QR kod oxutma sistemi yerləşdiriləcək və kimsənin iki doza vaksin olmadan kampusa girməsinə icazə verilməyəcək. Kaliforniya Universiteti (Berkli də daxil olmaqla 10 kampus daxildir) və ABŞ-da olan 500 universitet isə tələbə, əməkdaşlar üçün vaksini məcburi edib. İstisna ancaq əks göstərişi olanlara və dini əqidəsinə görə vaksin edilməyənlərə şamil ediləcək. Onlara isə universitetə daxil olmaq üçün həftədə iki dəfə testdən keçməklə xüsusi qayda müəyyən ediləcək. Mütəxəssislər hesab edirlər ki, bununla yenidən ali təhsil müəssisələrində ənənəvi təhsilə qayıdıla bilər. 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, Avropa ölkələrində, eyni zamanda Amerika Birləşmiş Ştatlarında artıq dərslərin ənənəvi qaydada başlanılması əsas götürülərək tələbələrdən koronavirusla bağlı peyvənd olunmaları haqqında müvafiq olaraq sənədlər tələb olunur. Təhsil eksperti qeyd edib ki, bizim ölkəmizdə də təbii ki, bu proses həyata keçiriləcək:

"Artıq bununla bağlı bir neçə universitet, o cümlədən Azərbaycan Dövlət İqtisadiyyat Universiteti artıq məlumat verib. Tələbələrin  "Covid-19" əleyhinə pasportunun olması, yəni vaksinasiyadan keçməsi ilə bağlı sənədin olması artıq bir növ zərurətə çevrilir. Düşünürəm ki, dərslər sentyabr ayının 15-dən ənənəvi qaydada başlanacaqsa, bütün ali təhsil müəssisələrində tələbələrdən həmin pasportun tələbi mümkün olacaq. Yəni dərslər ənənəvi qaydada olacaqsa, o zaman hər kəsdən vaksinasiya olunması tələb olunacaq. Əslində vaksinasiyanın könüllülük prinsipində həll edilməsi bildirilmişdi. Amma bu kimi hallar heç də könüllülük əsasında vaksinasiyanın həyata keçirilməsini göstərmir. Əslində burda məqsəd bundan ibarətdir ki, əgər biz dərslərin ənənəvi qaydada olmasını və yaxud da əvvəlki həyata qayıtmağımızı istəyiriksə, hər kəs vaksinasiya olunmalıdır. Bu məsələyə bu məntiqlə yanaşılmalıdır. Həm dövlət, həm də özəl ali təhsil müəssisələrində hamıdan "Covid-19" pasportu tələb olunacaq. Həmçinin, kolleclərdə də bu kimi tələblər böyük ehtimalla olacaq".