Xəyallarınıza belə gətirməyin

Hər mədə-bağırsaq pozğunluğu yaşayan "Delta" ştammına yoluxmur

"Hazırda insanların beyninə yeridilir ki, guya, “Delta” və “Delta-plyus” ştammları daha çox hallarda kəskin mədə-bağırsaq pozğunluğu və diareya törədir. Yəni bu göstəricilər bu ştammlara xas olan spesifik əlamətlərdən birincisidir". 

Bu fikirləri "Şərq"ə açıqlamasında  tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Bir düşünün, bütün tarixi dövrlərdə yay fəslində ən çox hansı xəstəliklər ön plana çıxır? Təbii ki, mədə-bağırsaq pozğunluğu və diareya ilə müşahidə olunan infeksion və qeyri-infeksion xəstəliklər.

Professor əlavə edib ki, yəni biri dənizdə çimərkən qarnına duzlu su gedərsə, yaxud da yağlı yemək yeyərsə, günün altında çox qalarsa, tərkibində “nitrat” çox olan qarpız yeyərsə və qarnı ağrıyarsa, bunları “Delta” və “Delta-plyus” ştammları ilə əlaqələndirmək sadəcə gülüncdür.

Çünki mədə-bağırsaq pozğunluğunda bu ştammların demək olar ki, heç bir rolu yoxdur.

Hətta olsa belə, bu yalnız sıfır üstü faiz nisbətindədir. Unutmaq olmaz ki, bütün bu hallarda baş verən kəskin mədə-bağırsaq pozğunluğu və diareya, yalnız orqanizmin özünüqoruma (virus yükünün orqanizmdən qovulması), yəni kompensator müdafiə reaksiyasıdır. Onu hansısa bir infeksiyaya, o cümlədən "Covid-19"-un mutant ştammlarına xas olan spesifik və selektiv klinik əlamət hesab etmək olmaz". 

Professor qeyd edib ki, digər tərəfdən, "Covid-19" və onun bütün mutant ştammları, o cümlədən, “Delta” və ya “Delta-plyus” hüceyrə daxilinə yalnız angiotenzin çevrici ferment reseptorları subtipinə bağlanmaq yolu ilə daxil olur:

"Onların digər yoluxdurma yolu yoxdur, olmayıb və ola da bilməz. Çünki bu virus, yalnız reseptor mexanizmlərə bağlanaraq yoluxduran virusdur. Əks halda, onlar koronavirus ailəsi adlandırılmazdı. Ona görə də mədə-bağırsaq pozğunluğu və ya diareya zamanı “deyəsən mən "Delta" ştammına yoluxmuşam deyə, nəinki düşünməyin, hətta belə şeyi, heç xəyalınıza gətirməyən. "Covid-19"-u unudun".