Sürətli yemək axırımıza çıxacaq


"Fast-food"ları təkcə gənclər sevmir, artıq yaşlıların da bu qidalara marağı artıb

Dietoloq Leyla Zülfüqar: "İnsanlara nəyisə qadağa qoymaq olmur, yaxşı olar ki, alternativ milli "fast-food"larımızdan istifadə edək"


Ölkəmizdə və digər ölkələrdə hazır qidalara rəğbət artmaqdadır. Ancaq hazır qidalar sağlamlıq baxımından heç də faydalı deyil. Hər nə qədər çox ləzzətli olsalar da, insanlara yalnız zərəri var. Bu qidaların həddindən artıq istehlak edilməsi sağlamlığa ziyan vura bilər. Ancaq şüurlu və kafi səviyyədə istehlak edilərsə, bu vaxt zərəri olmayacaq. Xüsusilə hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ-dır və burda insanlar kilo problemi ilə mübarizə edir. Bu məhsulların çox istehlak edilməsi nəticəsində piylənmə xəstəliyi olur və insanlar bundan əziyyət çəkir. Çəki problemi bütün xəstəliklərə zəmin hazırlayan əhəmiyyətli bir faktordur.

Piylənməyə yol açan hazır qidaların bişirilməsi və içərisinə qatılan maddələr də son dərəcə əhəmiyyətli olmaqdadır. "Fast-food" indiki vaxtda ən çox seçilən qidaların əvvəllərində gəlir. Xüsusilə gənc nəsil və uşaq "fast-food" qidalar qarşısında nədənsə müdafiəsiz qalır. Sirr deyil ki, "fast-food" qida rasionumuzun ildən-ilə böyük bir hissəsini təşkil edir. Və özü ilə bərabər fəsadlarını da həyatımıza gətirir. "Fast-food" hazır yemək olaraq adlandırılsa da, tam tərcüməsi sürətli yeməkdir. Yəni müştərilər üçün bufet, restoranlarda və ya səyyar satıcıların təqdim etdiyi sürətlə hazırlanan və ya paket edilmək üzrə satılan yeməklər başa düşülür. "Fast-food" növü yeməklərin bir çox xəstəliyə səbəb olduğunu deyənlərin sayı heç də az deyil. Hətta bu mövzuda hazırlanmış bir sənədli film də var: Morqan Spurlock adlı bir sənədli film rejissoru tam bir ay boyunca bütün yemək saatlarını bir "fast-food" mağazasının məhsullarından yeyərək keçirir. Hardasa ölümlə burun-buruna gələn Spurlock bu təcrübəsini qeydiyyata alır və “Şişirt məni” adlı bir sənədli filmi ictimaiyyətə təqdim edir. Həkimlərin ümumiləşdirilmiş rəyi isə ondan ibarətdir ki, "fast-food" qidalarında - dönərlər, lahmacunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu cür qidaları qəbul etmək çox təhlükəlidir. Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez bağırsaqda müxtəlif helmintoz və başqa parazitar xəstəliklərlə bağlı müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qara ciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir. Dünyada olduğu kimi, Azərbaycanda da "fast-food"a maraq böyükdür. Lakin çox təəssüf ki, son illər yaşlı nəslin nümayəndələri arasında da "fast-food"a olan maraq kəskin artıb. Bəs bunun səbəbləri nə ilə əlaqəlidir?

Sualımızı “Sağlam bəslən və arıqla” kitabının müəllifi, dietoloq-nutrinoloq Leyla Zülfüqar cavablandırıb. Müsahibimiz "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda son illər ciddi yaş qrupunda olan insanların "fast-food"a olan marağı kəskin artıb:

"Bilirik ki, dönər, şaurma, tantuni - insanlar üçün daha əlçatan qida növüdür. Həm tez hazırlanmasına, həm də qiymətinə görə. Xüsusən tələbələr, məktəblilər, gənc ailələr onların əsas istifadəçiləridir. Lakin son dövrlər "fast-food" qidalarına olan maraq çox ciddi yaş qrupuna aid olan insanlar arasında da artıb. Nə qədər təbliğat aparsaq da insanlar bunun zərərli olduğunu bilir. Amma buna baxmayaraq onlar rahatlıq dalınca qaçmağı üstün tuturlar. Bu günləri insanlar sosial mərhələlərdə o qədər yüklənir ki, bu və ya digər şəkildə artıq məişət problemlərini həll etməyə həvəsləri olmur. Buna görə də evdə tez hazırlanan yeməklərə üstünlük verirlər. Digər səbəb isə bunun daha çox populyarlaşmasıdır. Hər kəs bu qidalardan istifadə etdiyinə görə insanlar arasında ona maraq oyanır. Həm də bu yeməklər dadı ilə insanları özünə cəlb edir. Çünki onlara doğrudan da əlavə dadlar qatılır. Necə ki, bunu biz kolbasa və sosiska məhsullarına aid edə bilirik. Yəni hər bir insan bilir ki, kolbasa ət məhsulu ilə müqayisədə heç də ət deyil. Onun tərkibində ətdən başqa demək olar ki, hər şey var. Sadəcə belə deyək ki, kolbasanın tərkibi bir çox dad artırıcılarından ibarət bir kombinasiyadır. Bunu bilə-bilə də insanlar istifadə edir. Hətta toy məclislərində soyuq qəlyanaltı sırasında görürük ki, süfrədə çeşid-çeşid kolbasalar var. İnsanlar onu az da olsa dadım deyə düşünür. Eyni mərhələni biz "fast-food"lara da aid edə bilərik. Düzdür, insanlar bu qidanın zərərli olduğunu anlayır və düşünür ki, bir dəfə ilə heç nə olmaz".

 Dietoloq hesab edir ki, bu cür qidalanmanın qarşısını almaq üçün alternativ qidalanma ortaya qoyulmalıdır:

"İnsanlara nəyisə qadağa qoymaq düzgün deyil. Ancaq təklif edərdim ki, alternativ olaraq milli "fast-food"larımızdan istifadə edək. Məsələn, az yağda hazırlanmış qutablar doğru alternativdir. Hətta yağsız halda bişirilməsi daha ideal olar. İkincisi, çörək içi sendviçlərin ev şəraitində hazırlanmasına üstünlük verilməlidir. Tostlar - çörək arası pendirlər uşaqlar üçün yaxşı alternativdir. Həmçinin, bu sırada türk mətbəxinə aid lahmacunlar yer ala bilər.  Pizzalar var ki, onun xəmiri xüsusi gətirilmə və əvvəldən qalmış xəmirlər deyilsə, bundan da istifadə etmək olar. Ümumiyyətlə, xüsusi olaraq qeyd edim ki, bizim milli "fast-food"umuz olan qutablar dünyanın ən sağlam tərkibinə malikdir. Bu tip qidalar həm tez bişir, həm də ziyanlı deyil. Fikrimcə, alternativlər yerinə qoyularsa, "fast-food" asılılığından qurtulmaq mümkündür. Buna görə də tələbatdan asılı olaraq təbliğatı qurmaq və düzgün yönləndirmək lazımdır”.