“BİZ ON”suz yaşamağa alışmalıyıq: içindən şüşə çıxdı + FOTO

“Şikayətçi bizə müraciət etsə, ona köməklik göstərərik”

“Həm də “Bizon” kimi zərərli içkini, ümumiyyətlə, içməyə dəyməz” 


Yazıçı Elşad Barat içdiyi “Bizon” enerji içkisinin içindən şüşə qırıntılarının çıxdığını iddia edib. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Sol əlimdəki şüşə sağ əlimdəki “Bizon”un içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi.



Sanki fiziki hesablamalar aparılıb, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun.

Yaxında ölüb eləsəm, səbəbi “Bizon”dur”.

Oxşar enerji içkilərinin zərərləri haqqında indiyədək dəfələrlə yazılıb, deyilib. Bu, ayrı məsələ. Amma istehlakçılara belə hörmətsizlik eləmək nə qədər doğrudur?! Bəs həmin şüşələr dili-dodağı kəssə necə olacaq?!

 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən iddialar barədə “Sherg.az”a danışdı:

“Analoji hallar əvvəllər də olub. Məsələn, çörəyin içindən sap çıxıb və s. Amma dəmir qabdan şüşə çıxması barədə məlumat dezinformasiya da ola bilər. Çox güman bu, şirkətin nüfuzuna xələl gətirmək üçündür. Belə ki, sözügedən ərzaq məhsulunun istehsal mexanizmini nəzərə alsaq, belə bir ehtimal, demək olar, yoxdur. Şikayətçi bizə müraciət etsə, ona köməklik göstərərik. Həm də “Bizon” kimi zərərli içkini, ümumiyyətlə, içməyə dəyməz”.