“Sərt karantin qaçılmaz ola bilər”

Son günlər ölkəmizdə koronavirusa yoluxma sayında kəskin artımlar baş verir. Artıq bir neçə gündür ki, yoluxanların sayı 1000-i keçir. Ötən sutkada 1101 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər COVID-19-dan dünyasını dəyişib. Xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, eyni zamanda, ölüm hallarının sayında ciddi artım müşahidə olunur.
Maraqlıdır belə davam edərsə, sərt qapanmalar ola bilərmi?

 “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycan virusa yoluxanların müalicəsi ilə paralel həm də virus əleyhinə vaksinasiyanın tətbiqinə başlayan ilk dövlətlər sırasında oldu:

“Vaksinasiyanın effekti bütün dünya üçün göz önündədir və dünya alimləri pandemiyadan yeganə çıxış yolunu məhz vaksinasiyada görürlər. Hazırda 18 yaşdan yuxarı bütün vətəndaşlar mütəşəkkil şəkildə heç bir ödəniş etmədən vaksinasiya oluna bilirlər. Bununla da vətəndaşlar həm özünü, həm də ətrafındakıları qorumuş olurlar.”

Birlik sədri qeyd edib ki, hazırda bir çox ölkələr üçün vaksin əlçatmaz olaraq qalır və bu dönəmdə Azərbaycanda insanların rahatlıqla vaksinasiya oluna bilməsi dövlətimizin böyük  uğurudur:

“Koronavirusla mübarizədə görülən tədbirlərin nəticəsində Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunə olaraq digər dövlətlərə təqdim edir və bu, qürurverici bir haldır.

Dövlətimizin bu sahədə gördüyü işlər və məsuliyyətli vətəndaşların mövcud karantin qaydalarına əməl etməsi nəticəsində yoluxma sayı yay aylarının əvvəlində minimuma endi.

Nəticədə yoluxma sayının enməsi karantin qaydalarında yumşalmalara səbəb oldu. Amma əfsuslar olsun ki,  əsasən də toy mərasimləri keçirilərkən heç də hər kəs qoyulan şərtlərə əməl etmir.

Ən əsas problemlərimizdən biri də toy mərasimlərinə yığışan qonaqların görüşərkən sıx təmasda olmalarıdır. Bu da virusun yayılmasına birbaşa zəmin yaradır. İnsanları da anlamaq mümkündür, artıq 1 ildən çoxdur ki, insanlar bir-birilərindən uzaq qaldılar. Buna baxmayaq COVID-19 virusu ilə mübarizə ümummilli məsələdir və mövcud ağırlaşan durum insanları  sağlamlığını ciddi təhlükəyə atır.

Riskləri nəzərə alaraq vətəndaşlara bir daha çağırış etmək istərdim ki, məsuliyyətli olsunlar, karantin qaydalarına əməl etsinlər və ən əsası vaksinasiya olunsular. Hazırda bizim yeganə çıxış yolumuz vaksinasiya və məsuliyyətdir. Əks halda karantin qaydalarının sərtləşməsi qaçılmaz ola bilər”.