"İndi gözüm xəstə axtarır"

Rumiyyə Miraslan: “Kaş ki”lərlə heç nəyi, heç kimi geri qaytarmaq olmur"

Hamıya kömək etmək istəyirəm. Əlimdən gələn qədər


Koronavirus media cameəsinin də sıralarını seyrəltdi. Həmkar itkisi ürəyimizi kədərlə doldurur,  xəstəliyə qələbə çalanları görəndə isə təskinlik tapırıq. Dəyərli həmkarımız Rumiyyə Miraslan da qalib jurnalistdir. Ən böyük və mühüm döyüşdə - həyat uğrunda mücadilədə qələbə çaldı. Hazırda “Baku.TV”də redaktor vəzifəsində çalışan Rumiyyə xanım “dostlarım, iş yoldaşlarım, qayğıkeş rəhbərlik sayəsində koronavirusa qalib gəldim” - deyir. Amma bilirik ki, insanın öz əzmi, dəyanəti də əsas şərtdir. Rumiyyə xanımı sosial şəbəkədə izləyənlər necə döyüşkən ruhlu olduğunu görür. Paylaşdığı statuslar, baş verən hadisələrə münasibəti mübarizliyindən xəbər verir. Zəhrimar virusa yoluxduğunu da sosial şəbəkədən öyrənmişdik. “Yeni Klinika”da müalicə olunduğunu yazırdı və çoxumuzun təəccübünə rəğmən qüsursuz tibbi yardım göstərildiyini qeyd edirdi. Nəhayət, sağaldığını, xəstəxanadan çıxdığını da öyrəndik. Və həmkarımızı çox da yormamaq şərti ilə bu günlərdə başına gələnlər barədə danışmasını istədik: 

- İşə çıxıram, artıq. Amma iş gününün sonunda hiss etdim ki, yorulmuşam. Sanki taqətim tükənirdi. Həkimlər hələ 14 gün işə çıxmamağı tövsiyə etmişdi. Reabilitasiya dövrünü keçməliyəm...

- Bəs niyə işə çıxdınız? Rəhbərlik tələb etdi?

- Xeyr, qətiyyən. Xəstəliyin ilk günlərində demişdim, indi də deyirəm, rəhbərliyin qayğısını həmişə hiss etdim. Tək mən yox. Hansı əməkdaş xəstələnibsə, hamısına qarşı eyni qayğıkeş münasibət olub. “COVİD” analizlərinin ödənişini iş yeri üzərinə götürüb. Həm də təkidlə israr ediblər, başlanğıcda, xəstəlik müddətində lazım olan bütün analizlərin ödənişi iş yerinin hesabına olub. Başqa məsələlərdə qayğını əsirgəməyiblər. Sadəcə, hazırda əməkdaşlarımız arasında yoluxanlar çoxdur. Məzuniyyətdən qayıdanlar arasında da xəstələnənlər var. Ona görə iş axsayır.  İşimizdə daha artıq axsama olmasın deyə, özüm işə çıxmaq qərarına gəldim. Kollektiv mənə dəstək olursa, mən də kollektivə dəstək olmalıyam.

- Özünüzü indi necə hiss edirsiniz?

- Hələ müalicə müddəti bitməyib. Tez yoruluram... 1 ay dərman qəbulu davam etməlidir. Qan durulaşdırıcı dərmanlar içməliyəm. Aspirin kardio, Kardio-maqnil... İynə yazıb həkim. 1-2 gün dərmanları içmədim, qanda tromb əmələ gəldi. Qolumda göyərmə oldu. Başa düşdüm ki, gərək o dərmandan imtina etməyim. Sizə deyim ki, koronavirusun ən təhlükəli tərəfi qanda tromblaşmanın yaranmasıdır...

- Ordan-burdan başladıq. Deyəsən, xəstəlik hamımızı çaşdırıb... Bəlkə əvvələ qayıdaq? 

- Deyiləsi o qədər sözüm var, istəyirəm, hamıya elan edim, yalvarım ki, bu xəstəliklə zarafat etməyin! Xroniki xəstəliyi olanlar çox vaxt bu xəstəliklərlə “COVİD”i qarışdırır. Birində xroniki bronxitdi, öskürür, elə bilir, həmişəki halıdır, əvvəlcə keçirdiyi xəstəlikdir, astma, böyrək çatışmazlığı, revmatizm... adi qrip. “Soyuqlamışam, sətəlcəm olmuşam”, deyib üstündən keçmək istəyirlər. Sonra isə çox gec olur.  Məndə sümük ağrıları olur. 9 ildir. Bu dəfə də xəstəlik sümük ağrıları ilə başladı.  Qızdırma yox idi. Düşündüm ki, kondisionerin təsiridi. 3-cü gün, “ayıldım” ki, ağrıdan ölürəm artıq. Və boğuluram. Qızdırmam da qalxdı 38-ə. 2 Parasitomol içdım. Qızdırma düşdü, qalxdı. “103”-ə zəng etdim. “COVİD” analizi götürmədiklərini dedilər. Poliklinikaya zəng etdim, Xətai rayonundakı 28 saylı poliklinikaya. Dedilər, “bizə test verilməyib”. “TƏBİB”ə zəng vurdum. Dedilər, Abşeronda modul tipli xəstəxanaya gedin. Çaşıb qalmışdım... 2 ay əvvəl rəfiqəm rəhmətə getmişdi, koronavirusdan. Təsəvvür edirsiniz, bir yerdə böyümüşük, 22 il bir həyətdə yaşamışıq, 39 yaşında gənc xanım rəhmətə getdi, uşaqları yetim qaldı. Bu mənə çox ağır təsir etmişdi, indi də xəstələnəndə rəfiqəm yadıma düşdü, psixoloji travma yaşadım.  Məni bu vəziyyətdən iş yoldaşlarım çıxardı. Birincisi, gözləmədiyim halda, iş yerindən zəng etdilər ki, təcili Sağlam Ailə Klinkasına gedim və analiz verim. Çünki işə xəstələndiyimi xəbər vermişdim. Təsəvvür etməzsiniz, mən ora ağrılar içində getdim. Ağrıdan ağlayırdım, demək olar, yeriyə bilmirdim. Həkim görən kimi, dedi, burundan yaxma götürüləcək, böyük ehtimalla “korona”ya yoluxmusunuz. Neçə müddətdir işləyirlər, xəstələri zahiri əlamətlərdən də tanıyırlar. Bir neçə saat sonra cavab çıxdı – pozitiv!  Sağ olsun, İcbari Tibbi Sığortanın mətbuat xidmətinin rəhbəri Aynurə xanım. Məni “Yeni Klinika”ya göndərdi. Aynurə xanım olmasaydı, bilmirəm halım necə olacaqdı. Xəstəxanalara yerləşmək qeyri-mümkündür. Gərək tanışın olsun. Mən media nümayəndəsi ola-ola belə çətinliklə xəstəxanaya yerləşə bildimsə, düşünün, sıravi adamlar hansı vəziyyətdə olur. Bir çox xəstəxanalarda vəziyyət biabırçıdı. Tibb bacıları çatışmır. Xəstəxanalarda cihazların monitorları işləmir. Oksigen, kislorod balonu tapılmır. Statusda yazdığım kimi “Yeni Klinika”da vəziyyət tamam fərqlidir. Elə bilirdim Azərbaycanda deyiləm, hansısa xarici ölkədəyəm. Qüsursuz tibbi xidmət vardı. Günün istənilən vaxtında nə istəyirsən, dərhal gətirirdilər. Tez-tez təzyiqi, ürək döyüntüsünü ölçürdülər. Xəstəliyin gedişatına uyğun müalicə də dəyişirdi. Müalicə həkimim Səxavət Xəlilli daim mənimlə maraqlanırdı. Analizlərin nəticələrinə baxırdı. Hər bir şərait vardı. Kənardan nəsə istəyirsənsə, yaxınlara çatdırırdılar, gətirirdilər. Amma ümumiyyətlə, heç nəyə ehtiyacım qalmırdı. Nahar da vaxtlı vaxtında, çay, şirələr, sular, nə istəsən vardı. Müalicə də öz axarında davam edirdi. İş yoldaşlarım daim zəng edirdilər, söhbət edirdilər, güldürürdülər, müsbət enerji ötürürdülər. Gördüm, bu qədər dəstək var. Belə vəziyyətdə sağalmaqdan başqa “çarə” yoxdur. 

- Məsləhətiniz nədi?

- Məsləhətim budur ki, xəstəliyə ciddi yanaşın. Dərhal analiz verin, tez üstünə düşün. Virus ağ ciyərlərə nüfuz edəndə, müalicə çətinləşir. Bunun üçün də ilk növbədə analiz tez verilməlidir. Təcili Yardıma, TƏBİB-ə sərf etdilən vaxt uduzulmuş zamandı. İl boyu işləyirik, çalışırıq. Olsun lap 40, 80, 90 manat, ödəyib analizin cavabını tez əldə etmək lazımdır. Elə bilək ki, bir geyimə pul xərcləmişik. Nə bilim, hardasa dostlarla əyləşib nahar etmişik... Mütləq özəl klinikalarda analiz verib cavab almaq lazımdır. Gecikdirmək olmaz.  İlk başdan üstünə düşdünsə, xilas olursan. Həm də daha məsləhətdir ki, burundan yaxma analizi götürülsün. Çünki virus burunda olanda tez müəyyən edilir. Ağ ciyərə düşəndə təsbit etmək çətinləşir. Analizin cavabı müsbətdirsə, vaxt itirmədən müalicəyə başlanmalıdır. Xəstəxanaları gözləsək, itirəcəyik, doğmaları, dostlarımızı. 

- Xəstəliyə tutulub sağalanların əksəriyyəti deyir, həyatın qiymətini indi anladıq...

- Həqiqətən. Bu xəstəlik bizə çox şeyi anlatdı.  Biri ilə salamlaşırsan, axşam eşidirsən ki, rəhmətə gedib... Dünyadan heç nə aparmayacağıq. “Kaş ki”lərlə heç nəyi, heç kimi geri qaytarmaq olmur. Həmkarımız Əmrah Fəqanoğlu rəhmətə getdi, bu mənə çox ağır təsir etdi. Ondan sonra kimin xəstələndiyini eşidirdim, xəbər tuturdum, çalışırdım, nəyləsə yardım edim. Dostumuz Səlim bəy də xəstələndi, təsəvvür edin, bir iynə üçün 2 min manat pul lazım idi. Qənirə xanıma (millət vəkili Qənirə Paşayeva) müraciət etdim, sağ olsun, kömək etdi. Səlimin iynəsi alındı. Bir həqiqəti anladım ki, bir-birimizə bacardıqca möhkəm bağlanmalıyıq. Əl-ələ tutub bir-birimizə yardım etməliyik. İndi gözüm “xəstə” axtarır. Hamıya kömək etmək istəyirəm. Əlimdən gələn qədər. Bir də əsas odur ki, xəstələnənləri tək qoymayaq. 2 kəlmə xoş söz, ümid verir insana. Xəstələnənlər ümidlərini itirməsinlər. 

Söhbətləşdi: Məlahət Rzayeva