Korona uşaqlarda da xəstəliklər törədir: Orqanları zədələyir

Vaksinasiya ilə ən azından fəsadlardan və ölümdən qorunmaq mümkündür


Pandemiyanın ilk dövrlərində COVID-19-un yalnız ağciyər toxumasına təsir etdiyini, ürək ağırlaşmalarının isə yalnız hipoksiyanın və güclü iltihabın nəticəsi olduğu düşünülürdü. Lakin sonralar SARS-CoV-2 virusun hüceyrələrə daxil olduğu və ACE2 zülalına bağlandığı sübut edildi. Bu protein (ACE2) qan damarlarının daxili divarının hüceyrələrində, həmçinin ağciyərlərdə, ürək və digər orqanlarda olur. Virus bu hüceyrələrə hücum etdikdə, onları zədələyir ki, bu da ürək-qan təchizatını azaldır və onun iltihab riskini artırır. Beləliklə, koronavirusdan sonra ürəyin ən təhlükəli fəsadlarından biri ürək əzələsinin iltihabı olan miokarditdir.

Ürəyin əzələsində gedən iltihabi proses özünü uzun müddət büruzə verməsə də, ciddi problemlərə səbəb olur. Klinik təzahürlərin şiddəti ürək əzələsinin zədələnmə dərəcəsindən asılıdır. Müalicə olunmamış miokardit ciddi fəsadlara səbəb olur. Qeyd edək ki, bir çox ölkələrdə hətta 12 yaşda uşaqlar arasında miokarditin əmələ gəlməsi hallarına rast gəlinib. Lakin ABŞ və İsraildə 12 yaşdan yuxarı uşaqların vaksinasiyası başladıqdan sonra nadir hallarda miokarditin inkişafı halları aşkarlanıb. Amerikalı həkimlər oğlan uşaqlarında "Kovid"in ürəyə təsirini araşdırıb. Məlum olub ki, bu yaş qrupunda olan oğlanlar koronavirusu keçirdikdən sonra ürəkdə bu problem daha çox rast gəlinir, nəinki peyvənd olunduqdan sonra. Ona görə də bu yaşda oğlan uşaqlarının ürək əzələsinin iltihabı riskindən qorumaq üçün peyvənd olunması daha məqsədəuyğundur. Türkiyədə də artıq 12 yaş qrupunda olan uşaqların peyvəndlənməsi rəsmən təsdiqlənib. 

Koronavirusu törədən SARS-CoV-2 virusunun mutasiyaya uğramaqda davam etdiyini deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında vurğulayıb ki, hər bir  mutagen fərqli davranış sərgiləyir. Professor qeyd edib ki, əgər ilkin formalar (Alfa, Beta) uşaqlarda xəstəlik törətmirdisə, ancaq indiki variantlar (Delta və Mu) analoji olaraq uşaqlarda artıq xəstəlik törədir:

"Gənclərdə və uşaqlarda bu xəstəliyin artıq klinik vəziyyətləri aşkar olunur. Ümumiyyətlə, "Kovid"in bəzi orqanları zədələməsi haqqında müəyyən məlumatlar var. Məsələn, məlumatlar var ki, "Kovid"dən sonra xəstələrdə əvvəl olmayan, hətta bir-iki ay qabaq müayinə olmuş şəxslərdə aşkar olunmayan xərçəng şişi, ürək, böyrək çatışmazlığı kimi hallar baş verib. Hesab edirəm ki, bütün bunlar çox geniş araşdırma mövzusudur. Dünya profilaktika mərkəzləri hazırda bununla bağlı çox ciddi işlər aparırlar. Ona görə də vaksinasiya bu gün yeganə çıxış yolu olaraq qalır. Yəni ən azından bu cür fəsadlardan və ölümdən qorunmaq mümkündür. Hələlik, vaksin olunmuş və immunitet yaranmış adamların içərisində ölüm halları qeydə alınmayıb".