5-ci dalğada xəstələrin də, ölümlərin də sayı az olacaq

Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçivadze deyib ki, Gürcüstanda 5 -ci dalğa olacaq, ancaq 3 -cü və 4 -cü dalğalar qədər ağır olmayacaq. Onun sözlərinə görə, bu tək Gürcüstanda deyil, bütün dünyada qeydə alınacaq: “Bütün dünyada olduğu kimi, Gürcüstanda da beşinci dalğa yaşanacaq. Bu mərhələ nisbətən yüngül keçəcək, belə ki, ovaxtadək vaksinin hər iki dozasını vurduranların sayı çox olacaq”.

Çerçivadzenin sözlərinə görə, ölkə epidemiyanın ən ağır günlərini geridə qoyub və 5-ci dalğanın daha asan keçməsi üçün hazırda peyvəndlənmə prosesi sürətlənməlidir.

Dördüncü dalğanın əvvəlki dalğalara nisbətən daha mülayim getdiyini deyən həkim-pulmonoloq Ramin Nəriman "Şərq"ə açıqlamasında vurğulayıb ki,  həm də onun müddəti daha qısa oldu:

"Dördüncü dalğa zamanı ümumiyyətlə, xəstə sayı da əvvəlkilərdən çox olmadı. Çox güman ki, bu da peyvəndlənmənin nəticəsidir. Ona görə əgər peyvəndlənmə qaydasında getsə, gələcəkdə ola bilsin ki, ölümlərin, xəstələnmələrin sayı da az olsun".