Özəl xəstəxanaların test analizləri də qəbul olunmalıdır

TƏBİB, Operativ Qərargah problemlərin qısa müddətdə qarşısını almalıdır

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 pasportunun  tələb olunacağını açıqlayıb. Bura peyvənd olunanlara verilən vaksinasiya və ya xəstəliyi keçirənlərə verilən immunitet sertifikatı daxildir. Amma məlumdur ki, ölkədə virusa yoluxub qeydiyyata düşməyən və ev şəraitində sağalanların sayı rəsmi rəqəmlərdən çoxdur. Hətta onlardan bəziləri antitelin miqdarı ilə bağlı qan verərək analiz sənədi əldə ediblər. Lakin çox təəssüflər olsun ki, bu sənədlər dövlət xəstəxanaları tərəfindən qəbul olunmur. Vətəndaşlar bildirirlər ki, özəl klinikalarda 50 manat ödəniş edərək koronavirusa görə qan analizi versələr də, onların nəticəsi barədə məlumat sistemə daxil edilmir.

Özəl xəstəxanaların test analizlərinin cavablarının dövlət xəstəxanaları tərəfindən qəbul olunmamasının düzgün olmadığını deyən tibb elmləri üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki,  əslində bu, qayda pozuntusudur. O vurğulayıb ki, özəl xəstəxanalara dövlət lisenziya verir və onlar da tibbin qanunları əsasında fəaliyyət göstərirlər:

"Bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün pandemiya ilə mübarizə işinin təşkilində də xeyli qüsurlar var. Bu da istər-istəməz sonda ümumi nəticəyə təsir edir. Bunlardan biri də bu cür texniki məsələlərdir. Hesab edirəm ki, onlar tezliklə yoluna qoyulmalıdır. Bu kimi məsələlərin daim ictimailəşdirilməsi məqsədəuyğundur. Lazımi orqanlar TƏBİB, Operativ Qərargah bu kimi halları araşdırmalı və onlar qısa müddətdə öz həllini tapmalıdır".