Problemlər var: iyrənc çörək sexləri, kimyəvi qatqılı kəllə qənd...-  Ölüm saçır! 

“Prezident İlham Əliyevin də  dediyi kimi, ictimai nəzarət öz funksiyasını yerinə yetirməlidir”

“Həmin sexlər sahə müvəkkilinin, bələdiyyənin gözü qarşısındadır. Gərək zamanında dövlət orqanlarına xəbər verilsin”

“Biznes qurumları onlara yaradılan şəraitə adekvat dəyərləndirmir, bazara təhlükəli mallar çıxarırlar”



Gəncə şəhəri, N.Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, burada normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilən nöqsanlarla bağlı rəhbərlik inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

 
Məlum müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərməsinə münasibət bildirən Azərbaycan Azad İstehlakçılar Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Sherg.az” bildirib ki, Gəncədəki çörək sexi dəryada bir damla kimidir:

“Buna bənzər sexlərin olmasında AİİB və  qurumun Gəncə şöbəsinin sədri  günahkardır. Həmçinin bu işdə mən də suçluyam. Çünki  24 il ərzində bunların qarşısını almalıydıq. Təbii ki, mümkün qədər işlər görmüşük. Lakin belə sexlərin mövcudluğu hökümətin biznesi dəstəkləyən istehlakçı hüquqlarını axrada qoyan siyasətindən qaynaqlanır. İllərdir  biznes qurumları üçün  toxunulmazlıq şəraiti yaradılıb. Hətta yoxlama orqanlarının əlləri-qolları bağlıdır. Məsələn, hansısa bir obyektdə yoxlanış olmadan öncə uzun bir prosedur keçməlidir. AQTA-dan  Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Nazirlik sözügedən obyetk sahibinə yoxlanışın hansı səbəbdən aparılacağını bildirməlidir. Üstəlik, yoxlama prosesində İqtisadiyyat Nazirliyinin də bir nümayəndəsi olmalıdır. Beləliklə qanunları pozan, antisanitar obyekt öncədən yoxlanış olacağını  bilir və şəraitdən sui-istifadə edir. Nəticədə Gəncədəki  həmin çörək sexi kimi müəssisələrlə rastlaşırıq. Ona görə hökumətin bu siyasətinə AİİB daim etiraz edib”.

E.Hüseynov, həmçinin diqqətə çatdırıb ki, kəllə qəndin hazırlanmasında müxtəlif ağardıcı maddələrdən istifadə olunur:

 “Bir il öncə AQTA-ya  və digər qurumlara qənd istehsal edən müəssisələr barədə məlumat vermişik. Kəllə qəndi  hazırlayarkən  ağ şəkər tozunu  qaynadırlar, bu zaman əmələ gələn sarı maddəni ağartmaq üçün kimyəvi məhlullardan istifadə edirlər. Əslində  isə qənd bahalı mərkəzdənqaçma aparatı vasitəsilə hazırlanmalıdır. Bu məsələləri dəfələrlə qabardmışıq. Təəssüflər olsun ki,  AQTA məhdud insan resursları ilə nə qədər çalışsa da, problemi həll edə bilmir. Onu da qeyd edim ki, üç gün əvvəl  İctimai şuranın üzvü kimi Keşlə bazarının girişində ət satışlarına diqqət yetirdim. Orada söylədilər ki, guya burada laboratoriya  və agentliyin nümayəndəsi var. Həmin laboratoriyanı da gördüm və orada antisanitar şərait mövcud idi. Baytarlar gigiyena qaydalarına əməl etmirdilər. Bu barədə də AQTA-ya bildirdim. Bir sözlə, ciddi problemlər var və bunlar həll olunmalıdır. Cənab Prezident İlham Əliyevin də  dediyi kimi, ictimai nəzarət öz funksiyasını yerinə yetirməlidir. Həmin sexlər sahə müvəkkilinin, bələdiyyənin gözü qarşısındadır. Gərək zamanında dövlət orqanlarına xəbər verilsin. Həmçinin dövlət istehlakçı hüquqlarını qorumaq siyasətini mükəmməlləşdirməlidir. Biznes qurumları onlara yaradılan şəraitə adekvat dəyərləndirmir, bazara təhlükəli mallar çıxarırlar”.