Kimi məmnun, kimi bəyənmədi


COVİD-lə mübarizə aparan tibb işçilərinin şərəfinə qoyulan heykəllər söz-söhbətə səbəb oldu

Dənizlidə Mərkəzəfəndi Bələdiyyəsi COVİD-19 pandemiyasında gərgin çalışan səhiyyə işçilərinin şərəfinə Səhiyyə parkında heykəllər qoyub. Lakin heykəllərin estetik və memarlıq üslubu heç də hamınını xoşuna gəlmir. Hazırda bu heykəllər müzakirə obyektinə çevrilib. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Mərkəzəfəndi Bələdiyyə Məclisi AKP Qrup başqan vəkili Yavuz Aki “bu heykəlləri uşaqlar görüb qorxacaq” deyib. Bələdiyyə başqanı yardımçısı Fatih Coşqun isə “bu heykəllər səhiyyə işçilərinə hörmət əlaməti olaraq qoyulub. Burda bəd niyyət yoxdur” söyləyərək memarları müdafiə edib. 

Qeyd edək ki, Dənizli Mərkəzəfəndi Bələdiyyəsi pandemiya dönəmində gərgin işləyən səhiyyə işçilərinin adına park salıb. Park 9 min 600 kvadrat metrlik bir ərazidə salınıb. Parkda oyun meydançası, yürüş və qaçış zolaqları, idman və fitnes qurğuları quraşdırılıb.

 Həmçinin də səhiyyə personalının rəmzi olaraq da heykəllər qoyulub. Y.Aki isə bu heykəllərin həkim adına yaraşmadığını, həkimlərin şəfqətini əks etdirmədiyini iddia edir və onların parkdan qaldırılmasını istəyir. 

Fatih Coşqun isə “bu heykəllərin sənət əsəri olduğu iddiasında deyilik. Onlar səhiyyə işçilərinə sayğı əlaməti olaraq düzəldilib. Biz bununla səhiyyə işçilərinin dünyaya hansı dərəcədə faydalı olduqlarını əks etdirmək istəyirik. Bunlar rəmzi heykəllərdir. Dünyamızı, insanları xilas edən həkimlərə təşəkkür bildirmək məqsədi daşıyır”, deyib. 

Görünüşə görə də heykəllərin dünyanı xilas edən həkimlərin ağır əməyini əks etdirdiyini söyləmək olar. Sadəcə,  bu heykəllər klassik deyil, modern, avanqard  memarlıq üslubundadır.