2 qutu dərman almağa pulu yoxdur

Onkoloji xəstə ümidini dövlətə bağlayıb

Ağdaş rayonu, Qarağan Şıxlar kəndinin sakini Xəlilov Davud Yaqub oğlu neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkir. Ürək qüsurlu olduğu üçün ona kimya terapiyası təyin edilmir. Yalnız dərmanlarla ağrılarını sakitləşdirə bilir. Lakin bir müddətdir ki, dərmanları almağa maddi imkanı yoxdur. Davud  əmi qızı Günel Xəlilova ilə birlikdə paytaxtdakı telekanallara üz tutub, bəlkə yardım edildi, deyə. Amma hələ də onunla maraqlanan yoxdur. Günel Xəlilova da həyat yoldaşından ayrılıb. 

Bir müddət ona aliment ödənsə də, keçmiş həyat yoldaşı işdən azad edildiyi üçün aliment də ala bilmir. Ailənin həm maddi vəziyyəti, həm də Davud əminin sağlıq durumu kritik həddədir. Günel Xəlilova da 2 övladı ilə atasının evinə sığınıb. Üstəlik ailənin banka kredit borcu da var. Lakin bu krediti özləri deyil, qohumları ailə üzvünün adından alıb. Müraciət etdikləri məhkəmədə də işə baxılmır. Maddi imkansızlıqdan vəkillə müqavilə bağlaya bilmirlər.  Ailə belə bir əlacsız vəziyyətdə qalıb. “Şərq”ə müraciət edən  Davud Xəlilov dərman almağa pulu olmadığını dedi: “Milli Onkologiya Mərkəzində bahalı dərmanlar yazıblar. 2 qutu dərman 300 manat eləyir. Mənim bu qədər pulum yoxdur. 

Çarəsiz qalmışam, ayaq üstə zorla dayanıram. Ümidim yenə də dövlətimizədi. Xahiş edirəm, dövlətimiz mənə kömək etsin”.