Gələcəkdə pullu və könüllü olacaq



Koronavirus peyvəndləri hər il yenilənməlidir

COVID-19 peyvəndlərin tərkibi hər il yenilənə bilər. Koronavirusun yeni təhlükəli ştamlarının yaranması COVID-19 peyvəndlərinin hər il yenilənməsini (modifikasiyasını) tələb edə bilər. Bunu qurumun baş elmi işçisi Sumya Svaminathan Cenevrədəki mətbuat konfransında bildirib.

ÜST rəsmisi bildirib ki, mütəxəssislər pandemiyanın gələcək yeni təhlükəli növlərini aradan qaldırmaq üçün peyvəndlərin tərkibini modifikasiya etməyin mümkün olub-olmamasını öyrənirlər. Sumya Svaminathanın sözlərinə görə, tərtibatçılar və elm adamları əmin olmaq istəyirlər ki, onlar lazım gələrsə hazırkı vaksinlərin tərkibini tez bir zamanda dəyişdirərək yaranacaq yeni ştamlara qarşı təsirli peyvənd ərsəyə gətirə biləcəklər.

Mövzu ilə bağlı həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında deyib ki, peyvəndlərin əslində hər il yenilənməsinə ehtiyac var. Onun sözlərinə görə, bu yenilənmə hər peyvəndə şamil oluna bilməz:

 "Qrip virusu peyvəndi də artıq uzun müddətdir ki, istifadə olunur. Bu peyvəndlər də hər il yenilənir. Niyə yenilənir? Çünki bu viruslarda zaman-zaman müəyyən dəyişikliklər baş verir, həmin dəyişikliyə uyğun olaraq da peyvəndlər yenilənir. Yəni virusun həmin mutasiyasına uyğunlaşdırılır. Koronavirusun özü də böyük genomona malik olduğuna görə onda sürətli dəyişiliklər, yeni ştamlar, mutasiyalar əmələ gəlir. Ona görə də koronavirus peyvəndləri hər il yenilənməlidir. Gələcəkdə koronavirus peyvəndi pullu və könüllü olacaq".