Koronavirusa yoluxub sağalan insanların saçları tökülür


Çünki xəstəlik zamanı saç dərisinin epitel hüceyrələri zədələnir

Həyatımızın son aylarında ən çox danışılan mövzu yeni tipli koronavirus - SARS-CoV-2 Covid-19 virusu və onun törətdiyi xəstəliklərdir. Pandemiyanın tüğyan etdiyi ilk dönəmlərdə öyrəndik ki, "Covid-19" məruz qaldığı mutasiyalar nəticəsində bildiyimiz başqa viruslardan əlamətlərinə, bu əlamətlərin ağırlıq dərəcəsinə görə fərqlənir.

Həmçinin məlum oldu ki, bu virusun törətdiyi xəstəlik ağır tənəffüs çatışmazlığına səbəb olan pnevmoniya əmələ gətirə bilər ki, bu da ciddi ağırlaşmalar törədə bilər və bu səbəbdən də "Covid-19"-un ölüm faizi digər respirator viruslardan yaranan xəstəliklərlə müqayisədə xeyli yüksəkdir. Aylar keçdikcə həkimlər xəstələrin müşahidəsi zamanı yeni əlamətlər qeyd etməyə başladılar - virus nəticəsində qan damarlarında tromboemboliyanın əmələ gəlməsi, sinir sistemində pozulmalar, dəridə yaranan səpkilər və s. Son vaxtlarda "Covid-19"-a yoluxub sağalmış xəstələrin bir çoxu reaktiv (şiddətli) saç tökülməsi şikayəti ilə müraciət edirlər.
Bildiyimiz kimi, "Covid-19" virusuna yoluxmuş xəstələrdə ağırlaşmaların riski pasiyentin yaşı və yanaşı xroniki xəstəliklərin olub-olmadığı ilə əlaqəlidir. Amma xəstəlikdən yaranan və adətən sağalandan bir neçə həftə (6-10 həftə) sonra başlayan şiddətli saç tökülməsinə həm cavan, həm də nisbətən yaşlı xəstələrdə rast gəlinir.

Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında bildirib ki, koronavirus müxtəlif orqanlarda problemlər yaradır. Həkim qeyd edib ki, koronavirus əsasən bağırsaqda ishal, əzələlərdə isə ağrılar müşahidə edilir: 

“Koronavirusdan sonra insanlarda həqiqətən də saç tökülməsi baş verə bilər. Çünki saç dərisinin epitel hüceyrələri zədələnə bilir. Ancaq bunun tam doğru olması hələ ki sübuta yetirilməyib. 

Bunun üçün hələ geniş araşdırılma aparılmayıb və dəqiqləşdirilməyib. Amma ehtimal var ki, bu virusdan sonra insanlarda saç tökülməsi yaşansın”.