"Səhiyyə islahatı sona qədər həyata keçməyib"

Adil Qeybulla: "Vətəndaşların hər birinin tibbi sığortası təmin olunmayıb"

“Vaxtilə Azərbaycanda səhiyyə ilə bağlı bir çox göstəricilər aşağı olub. Bu baxımdan islahatlara ehtiyac duyulub, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib. “Azərbaycanda icbari tibbi sığorta 2 ildir ki, tətbiq olunur. Hazırda ölkədəki səhiyyə işçilərinin 60 faizi Bakıdadır, yəni regionlarda işçi çatışmazlığı var. 

Bundan başqa, həm paytaxtda, həm də bölgələrdə xeyli sayda yeni xəstəxana binası tikilsə də, vəziyyəti yaxşı olmayan xəstəxanalar hələ də var. Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir. İlkin səhiyyə məntəqələrinin də vəziyyəti yaxşı deyil. 

Ölkəmizin maliyyə baxımından sıxıntısı yoxdur, zamanla bağlı sıxıntısı var. Bütün bunların qısa zamanda həyata keçirilməsi üçün dövlətin gücü kifayət deyil. Bu baxımdan düşünürük ki, dövlət - özəl sektor tərəfdaşlığı bu yöndə bizə dəstək ola bilər”, - deyə o qeyd edib. “Azərbaycandakı xəstəxanalar əvvəllər ödəniş qəbul edə bilmirdilər, indi isə onlar publik hüquqi şəxs statusu alıb, ödənişli xidmət göstərdikləri kimi satınalmalarını da həyata keçirə bilərlər. Bu mövzularda özəl müəssisələrlə əməkdaşlığa önəm veririk”, - deyə A.Nəsirov əlavə edib. Onun sözlərinə görə, bundan sonra icbari tibbi sığortanın tətbiqi ilə Azərbaycanın səhiyyə turizmində də bir balans yaranacaq: “Sağlamlıqla bağlı Azərbaycandan Rusiyaya və Avropa ölkələrinə gedənlər var. Biz bu sahədə qısa zamanda balans yaratmaq istəyirik”.

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanda səhiyyə islahatları sona qədər həyata keçməyib. O qeyd edib ki, Azərbaycan  səhiyyəsi bu gün qərb səhiyyəsinin tərkib hissəsi ola bilməz: 

“Çünki icbari sığorta ölkə üzrə tam təşəkkül tapmayıb. Vətəndaşların hər birinin tibbi sığortası təmin olunmayıb. Digər tərəfdən səhiyyə sistem şəkli almayıb. Azərbaycanın dərman sənayesi hələ yoxdur. Digər tərəfdən də ayrı-ayrı şöbələri arasında əlaqələr qurula bilməyib. Ona görə də rayonlarla mərkəz arasında xeyli fərqlər var. Yaxşı mütəxəssislərin əksəriyyəti Abşeronda və Bakıda toplanıb. Demək olar ki, rayonlarda yaxşı mütəxəssislər azdır. Çünki yaxşı mütəxəssisin işləməyi üçün stimul lazımdır. Ən azı icbari tibbi sığorta olmalıdır. Yüksək maaşların olacağı təqdirdə ən azından rayonlarda işləməyə bir stimul yarana bilər. 

Bütün bu kimi məsələlər öz həllini tapdıqdan sonra biz artıq səhiyyənin artıq hansısa formatından söhbət edə bilərik”.