Daha gözlər qəlbin aynası deyil! - “Uşaqların eynəkdən istifadəsi artıb” 



Elnurə Abuşova: “Qızım sinifdə uşaqlarla şəkillər çəkdirib. Baxıram 5-6 nəfərdən başqa hamısı eynəklidir.Onların da 3-ü gözünü qıyıb baxır,yoxlatdırsalar,yəqin onlara da lazım olacaq.”

Paşa Qəlbinur: “Statistikaya görə son iki-üç ayda uşaqlarda 30-35 faiz görmə zəifliyi yaranıb”
“İki ilə yaxındır ki, dünyada eyni zamanda bizdə pandemiya şəraiti hökm sürür. Azyaşlı uşaqlar bu dönəmdə daha çox evdə kompüter arxasında vaxt keçirirlər”

“Qəbul etdiyimiz qidaların orqanizmimizə təsiri olduğu üçün görmə faizinin aşağı olmasında da qidaların da müəyyən payı var”

Jurnalist Elnurə Abuşova“Facebook” hesabında orta məktəb şagirdləri arasında eynəkdən istifadə hallarının artmasına diqqət çəkib. O bildirib:

“Qızım sinifdə uşaqlarla şəkillər çəkdirib. Baxıram 5-6 nəfərdən başqa hamısı eynəklidir.Onların da 3-ü gözünü qıyıb baxır, yoxlatdırsalar, yəqin onlara da lazım olacaq. İbtidai sinifdə isə heç biri eynək taxmırdı. Bunun sonu hara gedir. Uşaqlar niyə bu günə düşdü? Məktəblərin qapısında durmaq bəs edir ki,şagirdlərin az qala 80 faizinin eynək taxdığını görəsən. Əgər buna səbəb kompüterdirsə, mən 1999-cu ildən günün az qala 10, 12 saatı kompüter qarşısındayam. Mən niyə eynək taxmıram? Məncə, problemi başqa səbəbdə axtarmalıyıq. Həyəcan təbili çalma vaxtı deyilmi?”.

Paylaşıma müxtəlif şərhlər yazılıb. Kimisi bunu distant təhsillə, kimisi suni tərkibli qidalarla, kimisi də çirkli hava ilə əlaqələndirib.

Bəs sözügüdən problemin əsas səbəbləri nələrdir? Bu istiqamətdə nə kimi tədbirlər görmək olar?

Mövzuya aydınlıq gətirən tanınmış oftalmoloq Paşa Qəlbinur “Sherg.az”a söyləyib ki, statistikaya görə son iki-üç ayda uşaqlarda 30-35 faiz görmə zəifliyi yaranıb:

“Bu da birbaşa koronovirusla bağlıdır. İki ilə yaxındır ki, dünyada eyni zamanda bizdə pandemiya şəraiti hökm sürür. 

Azyaşlı uşaqlar bu dönəmdə daha çox evdə kompüter arxasında vaxt keçirirlər. Belə olduqda onların gözləri akkomadasiya  etmədi, yəni uzağı görəməyə uyğunlaşmadı. 

Əvvəllər gözün real müşahidəsi daha çox olduğundan uşaqlarda görmə daha effektiv idi”.

Oftalmoloq statistikada göstərilən artımın Oftalmologiya klinikasına müraciət edən pasiyent sayına  uyğun gəldiyini söyləyib və son illərdə belə müraciətlərdə artımın müşahidə olunduğunu vurğulayıb:

“Qəbul etdiyimiz qidaların orqanizmimizə təsiri olduğu üçün görmə faizinin aşağı olmasında da qidaların da müəyyən payı var. 

Hazırda tibb inkişaf edib müxtəlif dərman vasitələri və üsullarla bu problemin öhdəsindən gəlmək olar”.