“Umami” orqanizmdə xərçəngə səbəb olur

“Bəzi işbazlar, qida sektorunda hökmranlıq edənlər bu maddədən qədərindən artıq istifadə etməklə insanlarda asılılıq yaradırlar”

  “5-ci dad hissi "umami" yaradan qatqı maddəsi “monosodium Glutamate E621”dir və bu maddədən  Azərbaycanda var və istifadə olunur. Müxtəlif konservləşdirilmiş məhsullar və işlənmiş ət məhsullarında. Bu maddə insanda asılılıq yaradır, nəticədə insan tərkibində “umami” olan qidaları daha çox qəbul etməyə başlayır, buna alışır, onlarsız həyatı təsəvvür belə etmir. İnsan orqanizminə ziyan vuran da budur”. 

  Bu fikirlər qida mütəxəssisi Ağa Salamova məxsusdur. Mütəxəssis “Şərq”ə açıqlamasında “umami” adlanan maddə və onun zərərləri barədə məlumat verib: 
- Bu maddədən ilk dəfə 1908-ci ildə Yaponiyada Kikunae İkedo istifadə edib. Sonralar Yaxın Şərqdə, o cümlədən Çində geniş yayılıb. Hazırda daha çox “Çin duzu” kimi tanınır. “Umami” yapon dilindən “xoş dad” kimi tərcümə olunur. Bu maddə qidalara əlavə edildikdə yüksək dərəcədə zülal dadı əmələ gətirir. Maddəyə bu dadı verənsə tərkibindəki qlyutamin turşusu duzları (natrium duzu), amin turşulardur. Bunlar hamısı E600-E699 qrupuna aid qida əlavələridir,  hansı ki dadgücləndirici kimi qidalarda istifadə edilir. İnsanın dilində qyutamin reseptorları var deyə, insan onu dad kimi qəbul edə bilir. “Umami” qəhvə, bir çox pendir növlərində, brokoli, pomidor, göbələk, ət məhsullarının (kolbasa, sosiska) hazırlanmasında istifadə olunan vacib maddədir. Bu maddə onlara xüsusi dad verir. Məsələ “umami”nin hansı qidaların tərkibində olması və ya ondan hansı ərzaqların, hansı qidaların hazırlanmasında istifadə edilməsi deyil. Məsələ bu maddədən nə qədər istifadə edilməsidir. Artıq içiləndə dərd verir su da, misalı. Problem bundadır ki, bəzi işbazlar, qida sektorunda hökmranlıq edənlər bu maddədən qədərindən artıq istifadə etməklə insanlarda asılılıq yaradırlar. Niyə bəzi insanlar kolbasa, sosiska, dönər, hamburqer və sair bu kimi “modern” qidalara üstünlük verir, davamlı şəkildə istehlak edirlər, çünki bu qidaların tərkibinə qatılmış həmin qlyutamin duzu asılılıq yaradır. Bir-iki dəfə yeyən, yenə yemək istəyir. İnsan orqanizmi təbii qlyutamin turşusu istehsal edir. Lakin kənardan da əlavə doza olaraq orqanizmə qlyutamin turşusu daxil edildikdə, orqanizmə zərər vurmağa başlayır artıq. Çünki dərəcəni aşmış oluruq. Bu kimyəvi maddənin orqanizmdə xərcəng yaratması haqqında da fikirlər var. Dərd də bundadır ki, çox şeyə vurulur. Hətta bəzi restoranlarda da istifadə edilir. Nəzərə alsaq ki, o, müxtəlif qatqı maddələri işlənmiş məhsullara vurulur və gün ərzində bu məhsullardan asılı qalaraq, orqanizmi bu qatqı maddələri ilə yükləyirik, bu zaman problemlər ortaya çıxır. Qatqı maddələriylə dadlandırılan qidalar süni qida asılılığı yaradır. Bu da qida və restoran, kafe sektorundakı işbazların xeyrinədir. Daha çox zərərli qida satırlar. Bu maddə ölkəyə idxal olunan hazır konservləşdirilmiş məhsullar və hazır "fast-food" ətlərinə vurulur, burger ətlərində də istifadə olunduğu üçün kökəlmə və piylənməyə yol açır. Nəticədə qaraciyər və mədəaltı vəzin yüklənməsi, ürək-damar sistemində fəsadlar ortaya çıxır, damar keçməzliyi yaranır.  

  A.Salamov qeyd edib ki, “Çin duzu”nun istifadəsi inkişaf etmiş ölkələrin bir çoxunda qadağan deyil, istifadəsinə icazə var. Amma məsələ yenə də nə qədər, necə istifadə edilməsidir: 

Məsələn, Kanadada satışı, istehsalı qadağan deyil. Qadağan olunmasa da Kanada inkişaf etmiş ölkədir və oranın sakinləri bilir nəyi delikates kimi, nəyi bol yemək lazımdır. Bizdən fərqli olaraq orda maarifləndirmə işləri güclüdür. 
  Mütəxəssis  bildirdi ki, bəzi firmalar “Çin duzu”nun satışını təşkil edir. Bəzi ərzaq məhsullarının paketində E621 kodu yazılır.  Əgər məhsulun tərkibində varsa. Sadəcə, alıcılar bu maddə barədə məlumatsız olduqları üçün buna heç fikir də vermirlər.