Təkcə valideynlərlə iş aparmaq çox azdır


Bəzən bu cür uşaqları küçəyə, gəzməyə belə çıxarmırlar, sanki onlardan utanırlar

Psixoloq Fərqanə Mehmanqızı: “Cəmiyyətimiz o uşaqları cəmiyyətin normal, bərabərhüquqlu bir üzvü kimi qəbul edə bilmədiyindən valideynlər övladlarını gizlədir”


  “Autizm Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası və bu kimi ailələrdə sosial rolların düzgün bölüşdürülməsinin təşviq edilməsi” layihəsinin icrasına başlayıb. Cari ilin 1 fevral-1 iyun tarixlərində icra ediləcək layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verməsi mümkün ola bilən məişət zorakılığı hallarının profilaktikasına və valideynlər arasında sosial rolların düzgün bölüşdürülməsinə nail olmaqdır. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verən zorakılıq halları öyrəniləcək və onların qarşısının alınması yolları araşdırılacaq, həmin kateqoriyadan olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində və ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların təşviq edilməsi üçün maarifləndirmə tədbirləri keçiriləcək. 

Layihənin icra qrupu xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində, ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların bərqərar olunması barədə metodik tövsiyə nəşr etdirəcək. Bundan başqa layihənin hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin bölgüsünə uyğun olaraq 4 mövzuda tematik təlimlər keçiriləcək və həmin şəxslərin ailələrində reabilitasiya işinin düzgün aparılması üçün psixoloji dəstəyə ehtiyacı olan ən azı 100 nəfər valideynə psixoloji məsləhətlər veriləcək. 

Bununla yanaşı layihə çərçivəsində hədəf qruplarının iştirakı ilə tematik təlimlər keçiriləcək və ailə üzvləri tərəfindən reabilitasiya işinin düzgün aparılması üçün psixoloji dəstəyə ehtiyacı olan valideynlərə psixoloji məsləhətlər veriləcək. Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq olunacaqdır.

  Bu cür layihələrlə müsbət nəticəyə nail olacağına ümid etdiyini deyən psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında zəruri məqamları açıqladı: 

- Xüsusi qayğıya ehtiyacı olan uşaqların böyüdüyü ailələrlə yalnız müəyyən müddətə, bir layihə çərçivəsində işləməklə istədiyimiz nəticəni əldə edə bilmərik. Ümid edirəm ki, sözügdən layihə uğurlu olar, müsbət nəticələr əldə edilər. Lakin bu, bir layihə ilə başa gələcək iş deyil. 

Bu cür ailələrlə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib valideynlərlə mütəmadi iş aparılmalı, onlar psixoloji müsahibələrə cəlb edilməlidirlər. Biz belə valideynlərlə söhbətlər aparırıq. Valideynlərin narazılığı cəmiyyətdəndir. Ailələri övladları deyil, cəmiyyət sıxır.

 Cəmiyyətimiz o uşaqları cəmiyyətin normal, bərabərhüquqlu bir üzvü kimi qəbul edə bilmədiyindən valideynlər övladlarını gizlədir. Bəzən bu cür uşaqları küçəyə, gəzməyə belə çıxarmırlar. Sanki onlardan utanırlar. Çünki cəmiyyətimiz buna hazır deyil.

 Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdən uzaq düşməsinin səbəblərindən biri də onlar üçün uyğun infrastrukturun olmamasıdır. Piyada keçidlərində, yollarda, binaların giriş-çıxışlarında, istirahət parklarında bu uşaqların gəzməsi, dolaşması, pillələrdən istifadə edə bilməsi üçün şərait yaradılmalıdır. 

 Valideyn övladını fizioterapiya  seansına və ya psixoterapevtin qəbuluna gətirmək üçün iş yerindən icazə almalı olur. Ya ata gətirir uşağı, ya anası. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə onlara vaxt ayırmaları üçün güzəştlər edilməlidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar assosiallığa meyillidir. 

Onların valideynləri də  getdikcə cəmiyyətdən uzaqlaşırlar. Yuxarıda sadaladığım səbəblərə görə. Təkcə valideynlərlə iş aparmaq çox azdır. Uşaq bağçalarında, orta məktəblərdə və ali məktəblərdə maarifləndirmə  işləri aparılmalı, bu uşaqların cəmiyyətimizin bir parçası olduğu kiçik yaşlılardan tutmuş tələbələrədək hamıya anladılmalıdır. 

Bağçaya gedən uşaq, məktəbli, tələbə, müəllim, yaşlı insanlar... hər kəs  yanında əyləşən fərqli birisinə yad nəzərlə deyil, doğma, mehriban nəzərlə baxmağı öyrənməlidir. O zaman biz istədiyimiz nəticəyə nail olacağıq.