Böyrək sallanması niyə yaranır?


Bu xəstəlik adətən, anadangəlmə olur

  Arıqlamağa cəhd edənlər, “artıq” çəkidən xilas olmağa çalışanlar bunun orqanizmdə bir sıra fəsadlar törədəcəyini də gözə almalıdır. Fəsadlardan biri də böyrək sallanmasıdır. Mütəxəssislər bildirir ki, nefroptoz - böyrəklərin sallanması, onun patoloji hərəkətli olmasına deyilir. Bu hal sağ tərəfdə daha çox təsadüf olunur. Patologiyası həm birtərəfli, həm ikitərəfli ola bilər. Xəstəlik ən çox qadınlarda rast gəlinir. Xəstəlik böyrəyin bağ aparatının zəifliyi, zədələnmələr, güclü arıqlama, qarının ön divarının tonusunun azalması nəticəsində baş verir. Qadınlarda paravertebral çuxurun dayazlı olduğu üçün onlarda nefroptoz daha çox təsadüf edilir. 

Böyrəkətrafı piy toxumasının azalması böyrəyin sallanmasına, onun damarlarının əyilməsinə və dartılmasına, hemodinamikasının pozulmasına səbəb olur. Sidik axarının əyilməsi isə urodinamik pozğunluqlara gətirib çıxarır. Nefroptoz uzun illərlə gizli gedişə malik ola bilir. Nefroptozun 3 növü var: 1 - nəfəs aldıqda, ayaq üstə böyrəyin aşağı qütbü əllənir. Xəstədə heç bir şikayət olmur. 2 - vertikal vəziyyətdə böyrək aşağı düşür və tam əllənir, horizontal vəziyyətdə böyrək öz yerinə qayıdır. 3 -böyrək təbii yerindən aşağı düşür, qarın boşluğunun başqa nahiyələrində, böyük və kiçik çanaqda ola bilir. Bu zaman böyrək damarlarının dartılması nəticəsində böyrək, qan dövranı pozulur, urodinamik dəyişikliklər baş verir. Xəstələr bel nahiyəsində zəif ağrılardan, başgicəllənmədən, ürəkdöyünmədən, meteorizm və qusmadan şikayət edirlər. Böyrək nahiyəsində ağrılar adətən ağır fiziki işdən sonra özünü büruzə verir, axşama yaxın artır, hətta sancı şəkli alır. Laborator müayinə zamanı sidikdə hemoturiya aşkar edilir. Rentgenoloji müayinələr həm ayaq üstə, həm də xəstənin uzanmış vəziyyətində çəkilir. Pielonefrit, arterial təzyiq, qanaxma, böyrək daşı xəstəliyi zamanı ağırlaşmalar baş verə bilir. Müalicə isə xəstəliyin mərhələlərindən və ağırlaşmalarından asılıdır. Adətən konservativ müalicə məqsədəuyğun sayılır. Xəstəyə 3 kq-dan artıq yük qaldırmamaq, müalicəvi bədən tərbiyəsi, bir qədər kökəlmək məsləhət görülür.

  Qadınların qarşılaşdığı sağlıq problemi ilə bağlı “Şərq”ə danışan həkim-ginekoloq Fəxranə Hüseynzadə qeyd etdi ki, böyrək sallanması hamiləliklə əlaqəli yaranmır: 
- Bu xəstəlik adətən, anadangəlmə olur. Doğuş zamanı ağırlaşma müşahidə edilə bilər. Amma ümumiyyətlə, böyrək sallanması hamiləliklə bağlı olmur. Hamiləlik zamanı böyrəkdə və böyrək yollarında genişlənmə baş verə bilir. Bunlar da hamiləliklə bağlı yaranan patologiyalardır. Müalicə təyin edildikdə, keçib gedir. 

Böyrək sallanması ilə böyrək çatışmazlığı başqa-başqa xəstəliklərdir. Birinin digərinə aidiyyəti yoxdur. Arıqlama, qarın piylərinin alınması əməliyyatlarının böyrək sallanmasına gətirib çıxardığı barədə isə məlumata malik deyiləm. Belə bir halın baş verməsi indiyədək müşahidə edilməyib.