"Nəhayət, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) medianı izləməsinə şahid olduq. Agentlikdə İctimai Şuranın üzvü kimi, daim medianı təqib etmək lazım olduğunu rəhbərliyə bildirmişəm".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Vasmoy"da keyfiyyətsiz kolbasaların aşkarlanmasından danışarkən deyib. Mütəxəssis diqqətə çatdırıb ki, media işçiləri qarışqa kimi informasiya toplayır, əhalinin məlumatlandırır, amma qurum onu təqib etmir:
"Deyəsən, axır ki, işə başlanılıb. Əlbəttə, 20 ilə yaxındır ki, paytaxtın Nizami rayonu 8-ci km bazarında antisanitar vəziyyətdə ət və kolbasaların satışı həyata keçirilir. Daha çox bu cür kolbasaları metro stansiyalarının çıxışları kimi yerlərdə görürük. Kolbasanın qırmızı rəngdə olması ilk baxışdan istehlakçını cəlb edir. Alıcı da məhsulun hisə verilmiş, keyfiyyətli olduğunu düşünür. Lakin 3-4 manata satılan kolbasaların tərkibində əlbəttə ki, murdar olmuş, naməlum heyvan ətlərindən istifadə edilir. Bunu gərək AQTA daim izləsin. Nə qədər ki, adıçəkilən agentliklə medianın sıx əlaqəsi yaranmayıb, qurum qarşıya qoyulan hədəflərə çata bilməyəcək".
Ekspert diqqətə çatdırıb ki, 8-ci kilometr bazarında sanitar-gigiyenik normalara cavab verməyən kolbasaların satışı barədə istehlakçılardan AİB-yə zəng gəlir:
"Biz isə elə məmulatları almamağı məsləhət görürük. Hətta xaricdən gətirilən etiketlənmiş, dadı ilk baxışda yaxşı olan kolbasalar əlbəttə, nisbətən ucuz qiymətli yerli kolbasalardan çox geri qalır. Yerli kolbasalar onlardan üstün, ekoloji cəhətdən təmiz, daha az kimyalanmış məhsullardır. Əhali bunu bilməlidir. Çox təəssüf ki, insanlar digər ölkələrdən gətirilən kolbasalara üstünlük verilir. Sovet vaxtı kolbasa istehsalçıları arasında bir deyim var idi. Kolbasa nədir? Deyirdilər ki: duz, su, bir az da vicdan. Vicdan dedikdə kolbasaya vurulan ətin qədəri nəzərdə tutulur. Nə qədər ət qoysan, o sənin vicdanındır.
Nazirlər Kabinetinin 94 nömrəli qərarına görə, bütün ərzaq malları, o cümlədən kolbasalar etiketlənməlidir. Onun üzərində hazırlanma tarixi, son yararlılıq müddəti qeyd edilməlidir.
Bütün qidalar, o cümlədən kolbasa və ət məhsulları soyuq zəncirlə istehlakçının masasına çatdırılmalıdır. Lakin soyuq zəncir prinsipinin pozulduğunu görürük. Əlbəttə, istifadəyə yararsız kolbasaların tərkibində çoxlu kimyəvi maddələr mövcuddur. Onlar istilərdə fəallaşır. Nəticədə insan orqanizmində ağır xəstəliklər əmələ gətirir. Bunu apteklər yaranan insan növbələrindən, klinikalarda xəstə sayının həddindən artıq çox olmasından görürük".
E.Hüseynovun qənaətincə, təhlükəli məhsulların satılmasının qarşısını birdəfəlik almaq üçün AQTA-nın əsasnaməsində dəyişiklik edilməlidir:
"Operativ reaksiya mexanizmi olmalıdır.
Ümumiyyətlə, küçə ticarətinin həmişəlik ləğvi diqqətdə saxlanılmalıdır. Mübarizə tədbirləri çərçivəsində bələdiyyələr də fəallıq göstərməlidir. Hər bələdiyyənin öz ərazisində normal ticarət infrastrukturu yaratması vacibdir. Qanunlarda dəyişiklik aparılmalıdır".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun 2 ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb.