"Ürək və qan-damar xəstəliklərinin sayındakı artım nəinki bizim ölkə, dünyada ölüm statistikasında birinci yeri tutur".
Bu barədə "Sherg.az"a invaviz-kardioloq Şəmşir Vəliyev ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında müşahidə olunan artımdan danışarkən bildirib. O vurğulayıb ki, ürək və qan-damar sistemi xəstəlikləri genetikdir:
"İrsiyyətində, yaxud həm ana, həm də atada varsa, övlada keçmə faizi daha yüksəkdir. Siqaret və tütün məmulatları, alkoqollu içkilərdən istifadə, stresli həyat tərzi, fiziki idman növlərindən uzaq durmaq, hərəkətsizlik, oturaq həyat tərzi kimi hallar ürək və qan-damar sisteminə mənfi təsir göstərir. Xüsusən, qeyd etmək lazımdır ki, gənc insanlar arasında da sözügedən xəstəliyin artması müşahidə olunur. Son zamanlar energetik içkilər, narkotik maddələrin istifadəsi, (xüsusilə patı qəbul etmək) adıçəkilən xəstəliyə səbəb olan amillərdir.
Öz təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, son 5 ilə qədər adətən, 50 yaş altında xəstə çoxluq təşkil etmirdi. Amma axır vaxtlar, hətta 7-8 aydır ki, 30-35-40 yaşlarında da ürək və qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən pasiyentlər var. Miokard infarktı ilə (ürəyi qidalandıran tac damarların tıxanması) müraciət edən, ürəyinə stent qoyduğum xəstələrin sayı daha çox artıb".
Qeyd edək ki, ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur. Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Mərkəzin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.