"Qida məhsullarının tarladan süfrəyə qədər qət etdiyi yolda-qida məhsullarının emalı, daşınması, saxlanması, bişirilməsi, soyudulması, yenidən isidilməsi, hətta süfrəyə təqdimatına kimi nəzarət sistemi güclü olmalıdır". Bu fikirləri "Sherg.az"a qida mütəxəssisi Ağa Salamov antisanitar şəraitdə ət və süd məhsullarının daşınmasının aşkarlanmasından danışarkən deyib. Onun sözlərinə görə, qidanın süfrəyə qədərki yolunda - A-dan Z-yə ekologiyanın təsirləri də nəzərə alınmalıdır:
"Qida zəncirində qırılma olarsa, təbii ki, zəhərlənmə, hətta ölüm halları da qaçılmazdır. Bəzi işbazların doğru bildikləri yanlışlar var. Məsələn, balıq məhsullarını maşının salon və ya yük hissəsində daşıyırlar. Lakin balıq, mal, toyuq ətləri və süd məhsullarının riskli qida olduğunu diqqətdə saxlamalıyıq. Bunları maşında daşımaq olar. Amma o maşının salon və ya yük hissəsi soyutma sistemi ilə təmin olunduğu təqdirdə bu, mümkündür".
Ekspert buraxılmış səhvin qarşısını aldığı üçün AQTA-ya təşəkkür edib:
"Bəzən həqiqətən məlumatsız olduqları üçün, bəzi hallarda isə bilərəkdən riskə gedirlər, riskli qidaları antisanitar şəraitdə daşıyırlar. Bu, artıq vicdan işidir. Yəni insan öz övladına, əzizinə məsləhət görmədiyini başqalarına niyə tövsiyə edir?! Təbii ki, alıcıların da günahı az deyil. İstehlakçılar maşının yük hissəsində olan ət, toyuq, balıq məhsullarını almasınlar. Virus və bakteriyalara açıq olan, mikrobioloji çirklənməyə məruz qalan qidaları istehlak etməsinlər.
Ümumiyyətlə, mal, toyuq əti, balığı donmuş şəkildə, +4 dərəcədə saxlanılan soyuducudan almaq lazımdır. Orada da diqqət ediləsi məqamlar var: Qonşuluq prinsipi pozulmamalıdır. Məsələn, balığı, mal, toyuq ətini biri-birinin yanında saxlamaq olmaz. Bu ətlərin bakteriyaları fərqlidir. Məsələn, mal ətində "E Coli" bakteriyası varsa, toyuqda “salmonella” ola bilər. Bunlar biri-birilə təmasda çarpaz çirklənmə nəticəsində qida zəhərlənməsinə səbəb ola bilir".
A.Salamov diqqətə çatdırıb ki, analoji halların baş verməməsi üçün ekoloji cəhətdən də nəzarət gücləndirilməlidir:
"Kanalizasiya suları, minlərlə plastik tullantılar dənizə axıdılır. Nəticədə balıqların yeminə çevrilir. Biz də həmin balıqları dənizdən ovlayırıq. Beləliklə, demək olar ki, plastik şəkildə süfrəmizə gətiririk. Təəssüf ki, krivetkalar da satışda mövcuddur.
Riskli qidalar sırasına daxildir. Onlar suyu filterləyərək, qidalanırlar. Ən çox da civədən əziyyət çəkirlər. Orqanizmlərinə metal yığılır, insanlar da onu yeyirlər. Çıxış yolu ekologiya da başda olmaqla bütün qidaları sıfırdan (balıqdırsa, dənizdən, inəkdirsə, fermadan, toyuqdursa, hindən) nəzarətdə saxlamaqdır".
Qeyd edək ki, Antisanitar şəraitdə 300 kiloqrama yaxın ət və süd məhsullarının daşınması aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.