Hər kəsin psixoloji durumu sağlam deyil axı!

Şəhidlərimizin dəfnində çəkilən kadrlar süzgəcdən keçirilməlidir 

Sosioloq:  “TV və saytlar qarşısında konkret  tələblər qoyulmalıdır ki, dəfn zamanı uşaqlarla bağlı hansı məqamları işıqlandırmaq olar, hansıları olmaz”


  Şəhid dəfnlərində çəkilən şəkillər və videolar qədər ürək ağrıdan mənzərə yoxdur. Səssiz sandığımız bu fotolar əslində dili ilə ürəyimizə köz basır. Müharibənin, savaşın görmədiyimiz, bilmədiyimiz üzündən danışır bizə. Ən çox da atasının bayrağa bükülmüş rəsmini sinəsinə basıb için-için ağlayan şəhid övladlarının fotoları ... 
Körpə canları ilə gizlətmək istədikləri, amma gizlədə bilmədikləri ağrı, əzab yağır o fotolardan.
  11 aprel şəhidimiz  Vidadi Zalovun  dəfn mərasimi zamanı azyaşlı oğlunun anasına sığınıb hönkür-hönkür ağlaması ona baxan hər kəsi dərindən sarsıtdı, içimizi göynətdi. Sanki dünyanın bütün ağrı-acısını onun çiyinlərinə yükləmişdilər. Qeyd edək ki, şəhidlərin dəfnində oxşar hallar tez-tez yaşanır.

  Sosial media hesabında bu mövzuya toxunan  Mətbuat Şurasının sədri Rəşad Məcid  mediaya  çağırış edib: 
- Media subyektləri, jurnalistlər və populyar sosial şəbəkə istifadəçiləri insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılmasına həssas yanaşmalıdırlar. Bu zaman təqdimatın nə dərəcə ictimai əhəmiyyət daşıdığını ciddi şəkildə nəzərə almalıdırlar. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsi son dərəcə vacibdir. Xüsusən də uşaqlarla bağlı məqamlara.
  Lakin aprelin 11-də Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizdən birinin dəfn mərasimindən çəkilmiş bəzi fotolarda həssas yanaşmanın şahidi olmadıq. Bu baxımdan şəhid övladının çəkdiyi əzabın və acının görüntülənərək yayılması halları ayrıca vurğulanmalıdır.  
  Burada mübahisə predmeti kimi iki məsələ üzərində dayanmaq mümkündür. Birincisi, azyaşlının ağır emossional durumunun təsvirinin yolverilməzliyi, ikincisi, cəmiyyətdə ruh düşkünlüyünün, bədbinliyin formalaşmasını doğuracaq təmayülün qabardılması.
Nəzərə alınmalıdır ki, hər iki xüsus Azərbaycan qanunvericiliyi ilə də mübahisələndirilə, müvafiq mexanizmlərin dövriyyəyə girməsinə əsas formalaşdıra bilər. Belə olduqda isə konkret şəxslər, o cümlədən, jurnalistlər üçün hüquqi məsuliyyət perspektivinin reallığa çevrilməsi mümkünləşər ki, bu isə arzuolunmazdır. Əlbəttə, daha arzuolunmaz məqam həm də mənəvi məsuliyyətin ön plana çıxmasıdır.
Azərbaycan Mətbuat Şurası media orqanlarını, jurnalistləri, eləcə də özünü cəmiyyətə informasiya verilməsində məsul sayan hər kəsi, habelə sosial şəbəkə istifadəçilərini diqqətə çatdırdığımız görüntüyə bənzər təqdimatların yayımlanmasına həssas yanaşmağa, onların cəmiyyətdə doğura biləcəyi neqativ reaksiyaları, mümkün mənəvi və hüquqi məsuliyyət məsələlərini əvvəlcədən düşünməyə çağırır.

  Sosioloq Aynur Hacıyeva “Şərq”ə açıqlamasında R.Məcidin iradlarına haqq verib. 
Onun sözlərinə görə, şəhidlərimizin dəfnində medianın iştirakı və çəkilişlərin olması normal haldır. Onlarla vida mərasmlərinin ictimaiyyətə göstərilməsi, təbliğ olunması təqdirəlayiq haldır: 

“Şəhidlərə diqqət və rəğbətin göstəricisidir. Amma dəfndə çəkilən kadrların süzgəcdən keçirilib ictimaiyyətə yayımlanması daha məqsədəuyğundur. Hansısa bir jurnalistin bilərəkdən, ya da bilməyərəkdən çəkib paylaşdığı sarsıdıcı fotonun digər səhifələr tərəfindən reklam və İP məqsədi ilə tirajlanması  düzgün deyil. Hüquqi formada bunun qarşısı alınmalıdır. TV və saytlar qarşısında  konkret  tələblər qoyulmalıdır ki, dəfn zamanı uşaqlarla bağlı hansı məqamları işıqlandırmaq olar, hansıları olmaz. Ola bilsin ki, bu paylaşımı edənlər bu cür fotoların  şəhid uşaqlarına və cəmiyyətə  necə mənfi təsir etdiyinin fərqində belə deyil. Sadəcə, izləyici toplamaq, daha çox oxucu auditoriyası toplamaq üçün bu cür ağlayan, boynunu bükən uşaqların şəkillərini çəkirlər. İnsanların şəhidlərə sevgisindən sui-istifadə edirlər. Amma hər kəsin psixoloji durumu sağlam deyil axı! Bu cür ağrılı  fotolar həssas insanlarda çox dərin travmalar və psixoloji sarsıntılar yarada  bilir.  Nəzərə almaq laızmdır ki, bu fotoları şəhid ailələri, hərbçi ailələri izləyir.  Bu cür fotoları tirajlamaq şəhid övladlarının həmin an çəkdiyi ağrı-acını təkrar-təkrar xatırlatmaqdan başqa bir işə yaramır. Dəfn mərasimi bir dəfə olur və zaman keçdikcə şəhid ailələrinin də acısı köhnəlir, kədəri azalır. Bir müddət sonra dəfnlə bağlı görüntülər insanların yaddaşından silinir və əvvəlki kimi dəhşətli acı hiss etmirlər. Amma  sosial şəbəkələrdə, xəbərlərdə bu fotoları görən o uşaqlar hər baxanda o anı xatırlayır və eyni acını təkrar yaşamalı olur. Bu isə onlarda artıq psixoloji ravma yaradır və kədəri unudub uşaqlıqlarını yaşamasına imkan vermir. Mütləq bu paylaşımlarla bağlı sərt tələb qoyulmalıdır. Əslində heç bir hüquqi öhdəlik olmasa da, bu fotoları çəkib paylaşan insanlar özləri bunun mənəvi-psixoloji təsirini düşünməlidir. Görünür, bəziləri üçün reytinq insanlıqdan daha önəmlidir. Bu səbəbdən də mütləq şəhid dəfnlərində çəkilən kadrlarla bağlı media nümayəndələri qarşısında ciddi öhdəlik qoyulmalıdır ki, məsuliyyətli olsunlar”. 

  Uşaqların dəfn mərasimlərində iştirakının onların psixologiyasına mənfi təsir etdiyini vurğulayan sosioloqun sözlərinə görə, şəhid övladlarını  dəfn mərasimlərinə aparan zaman yaş fərqi mütləq diqqətə alınmalıdır:

 “Körpələr dəfn və yas mərasimlərindən mümkün qədər kənar saxlanmalıdır. Ətrafda nə baş verdiyini anlamayan uşaqlar  üçün dəfn və yas mərasimi daha çox neqativ duyğular yaradır. Şəhidlər bizim həssas məsələmiz olduğu  üçün bununla bağlı ailələrə nəsə demək də olmaz. Hər halda bu, onların qərarıdır. Kənardan kiminsə nəsə deməsi xoş qarşılanmaya bilər. Amma bir sosioloq olaraq 15-16 yaşa qədər olan uşaqların dəfn mərasimində iştirakını məqbul saymıram. 10 yaşından aşağı uşaqlar bəzi hallarda nə baş verdiyinin fərqinə belə varmırlar. Onun beynində sadəcə görüntü qalır və  böyüdükcə  travmaya çevrilir”.