Zəhərlənən körpələrə ilkin müdaxilə necə edilməlidir?  - Həkim məsləhəti

"Uşaqlar çöp udduqda və ya kimyəvi maddə içdikdə valideynləri qınayıram. Çünki övladlarını nəzarətsiz qoyurlar. Sonra da xanımlar mənə irad tutub, özlərini haqlı çıxarmağa başlayırlar ki, uşaqdır, hər yerdə gördüyünü udur və s.".

Bunu "Sherg.az"a pediatr Vaqif Qarayev bir yaşlı uşağın milçək əleyhinə dərmandan zəhərlənməsindən danışarkən deyib. O, övladını nəzarətsiz qoyan valideynlərə üz tutaraq, "döşəmədə kağızın, noxudun, qəzet parçasının nə işi var?!" deyib:

"Heç kəs günahını boynuna almaq istəmir. Sonra da deyirlər ki, həkim lazım deyil, çöpçü kömək edəcək. Lakin nəzərə almaq lazımdır ki, analoji bədbəxt hadisələr hamının başına gələ bilər.

Amma baxır, oxşar hallar hansı aralıqda və neçə dəfə baş verir. Milçək əleyhinə dərmanın 1 yaşlı uşağın əlinin altında nə işi var?! Həmin kimyəvi maddənin dozasına görə, nisbətən böyük uşaq dərmanı içsə, həkimə müraciət edənə qədər dözə bilər. Lakin azyaşlılara daha tez təsir edir. Zəhəri bədəndən xaric etmək üçün mədə mütləq zond vasitəsilə yuyulmalıdır. Ondan əvvəl restoran üsulu deyilən "su içib, qusmaq" ilə zəhərin müəyyən dozasını bədəndən çıxarmaq mümkündür. Amma tamamən təmizlənməsi üçün "zond", bir də qanı yumaq şərtdir. Körpələr hər saniyə, hər dəqiqə nəzarətdə olmalıdırlar".

Qeyd edək ki, Qaxda nəzarətsiz qalan körpə milçək əleyhinə dərman içib. Dərmanın təsirindən zəhərlənən 1 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyətinin ağır olduğu bildirilir.