Xroniki yorğunluq intihara gətirib çıxarır  - DİQQƏT!

Ən azı 6 saat yatmalısınız

“Bu bəla əsasən, 30-50 yaş arası insanları əhatə edir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir”
  
Gənclərin, xüsusən ofis işçilərinin şikayətləndiyi xroniki yorğunluq sindromu pandemiyadan sonra daha da artıb. Medicina.az xəbər verir ki, bu barədə danışan həkim Yekaterina Demyanovskaya xroniki yorğunluğun bir sıra patologiyalarla əlaqəli olduğunu bildirib:

- Bunlar anemiya, qalxanvari vəzi problemi, depressiya, gizli infeksion xəstəliklər, xərçəng, hepatitdir. Pandemiyadan sonra artma səbəbi koronavirus kimi infeksion xəstəliyə yoluxmaların olması idi. Bu sindromun müalicəsi hazırlanıb. Əsasən qida, mineral, vitamin qəbulu, həyat tərzinə dəyişiklik lazımdır. Bu xəstələr mütləq rasiondan şəkəri çıxarmalıdır, şokolad, konfetdən sonra qəfil enerji yüksəlməsi olsa da, qısa müddətə o kəskin enir və insan özünü daha da tükənmiş hiss edir. Yorğunluqla mübarizə üçün bütün infeksion xəstəliklər, rinit, bronxit, haymorit, sistit belə müalicə olunmalıdır. Eləcə də psixiatr, psixoloq dəstəyi lazımdır. Kimlərdə xroniki yorğunluq əsasən əməliyyat olunan şəxslərdə narkozdan sonra,   daimi stress keçirən, həmçinin oturaq gərgin iş, qeyri-əlverişli iş şəraitində çalışan insanlarda müşahidə olunur. 

  
Nevroloq Səbinə Tağıyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, son illərdə çox rast gəldiyimiz xəstəliklərdən olan xroniki yorğunluq özünü hər zaman yorğun və bədbəxt hiss etmək, istirahətdən sonra da yaxşı hiss etməmək kimi problemlərlə ortaya çıxan bir vəziyyətdir. Xəstəlik, əsasən, 30-50 yaş arası insanları əhatə edir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xroniki yorğunluq probleminin bioloji səbəbləri olsa da, zamanla bunlar insanda psixoloji problemə çevrilir ki, sonda hətta intiharla da nəticələnə bilir. Xəstəliyin müalicəsində tibbi testlər, dərmanlarla yanaşı psixoloji müayinələr də xeyli effektlidir.
Nevroloq deyib ki, mialgik ensefalomielit kimi də tanınan xroniki yorğunluq sindromu, insanın gündəlik işləri yerinə yetirmək qabiliyyətinə təsir edə bilən ciddi xroniki xəstəlikdir: “Keçmişdə bəzi insanlar xroniki yorğunluğun əsl xəstəlik olduğuna inanmırdılar. Lakin son illərdə mütəxəssislər bu sindroma daha ciddi yanaşmağa başlayıblar və bunun niyə baş verdiyini və müalicə üsullarını öyrənmək üçün araşdırma aparırlar".
  
Xroniki yorğunluğun simptomlarına  gəldikdə isə S.Tağıyeva deyib ki, səhər yuxudan oyandıqda və gün ərzində yorğun hiss etmək, heç bir şeyə həvəsin olmaması xroniki yorğunluqdan xəbər verir: “Hər zaman son dərəcə yorğun hiss etmək - gündəlik işləri yerinə yetirmək çox çətin ola bilər. Fiziki fəaliyyətdən sonra enerjinin gec bərpası, gecə tez-tez oyanmaq kimi yuxu problemləri, düşüncə, yaddaş və fokuslanma ilə bağlı problemlər, əzələ və ya oynaq ağrısı, baş ağrıları, boğaz ağrısı, başgicəllənmə və ya xəstələnmə, sürətli və ya nizamsız ürək döyüntüləri də  xroniki yorğunluğun əlamətləridir. 
  
Əgər insan özünü daim yorğun hiss edir və bu, 6 aydan çox davam edirsə, onda xroniki yorğunluq sindromu ola bilər. Ümumiyyətlə, yorğunluq hissi fəsil keçidlərində daha çox özünü büruzə verir və yorğunluqdan əlavə yuxusuzluq, halsızlıq və enerji çatışmazlığı halları ilə müşayiət olunur. Xroniki yorğunluq insanın fiziki fəaliyyətinə təsir etməklə yanaşı, psixoloji təhlükə yarada bilər.
  
Xroniki yorğunluğun səbəbləri insanın yaş qrupuna görə dəyişə bilər. İş stressi, qan azlığı, depressiya və ya aşağı təzyiq gənclərdə yorğunluğa səbəb olarkən, yaşlılarda şəkərli diabet, böyrək problemləri, ürək və qaraciyər problemləri də yorğunluğa səbəb ola bilər.
  
Xroniki yorğunluğun müalicəsi bəzi həyat tərzi dəyişikliklərini əhatə edir. 6 ilə 8 saat arasında yuxu saatları, sadə idman hərəkətləri, düzgün və sağlam qidalanma müalicənin bir hissəsi ola bilər”.