Qrip xəstəliyi: Yenidən peyvəndlənmə gözlənir? - AÇIQLAMA

Xüsusən tibb işçiləri və əhalinin aktiv təbəqəsinin peyvənd olunması vacibdir

  Son günlər əhali arasında qrip virusu kəskin yayılıb. Havanın kəskin dəyişməsi, temperaturun aşağı düşməsi səbəbindən virusa yoluxan insanların sayı arta bilər. Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.
  Bəs bu il Azərbaycana yenidən qripə qarşı vaksin gətiriləcək? Yenidən peyvəndlənmə gözlənir?
  Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.
"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə qeyd edilib.
  Həkim-infeksionist Mərdan Əliyev də “Sherg.az" açıqlamasında qrip peyvəndinin vurulmasının məsləhətli olduğunu deyib:

“Xüsusən tibb işçiləri və əhalinin aktiv təbəqəsinin peyvənd olunması vacibdir. Qrip xəstəliyinə kimsə dırnaqarası baxmasın. Qrip ən ağır keçirilən xəstəliklərdəndir”.
  Qrip peyvəndinin rutin peyvəndlər sırasına daxil olmadığını vurğulayan infeksionist deyib ki, körpələrə hansı peyvəndlərin vurulmalı olduğu milli immunizasiya proqramı ilə müəyyənləşir. Hansı ayda hansı peyvənd vurulur, dəqiqliklə göstərilir: “Deyək ki, Hepatit A, su çiçəyi, qızılca, göy öskürək, məxmərək, meningit, difteriya, tetanus, pnevmokok pnevmaniyası... bunlar vacib peyvəndlərdir. Amma təhlükələri minimuma endirmək baxımından körpələrə 6 ayından sonra qrip peyvəndi də vurula bilər. Ümumiyyətlə, kim istəyirsə, qrip peyvəndi vurdura bilər. Bu, könüllüdür və bir həkim olaraq insanlara virusdan qorunmaq üçün peyvənd olunmağı məsləhət görürəm”.