Azərbaycanda COVID-ə yoluxanların sayı artacaq -İnfeksionist

 Gigiyena qaydalarına riayət etmək, insanların sıx toplaşdığı yerlərdə olmamaq mühüm şərtdir

Koronavirusun mutasiyaya uğramış yeni ştamları bütün dünyada sürətlə yayılır. Onlardan son ikisi - EG.5 (“Eris”) və BA.2.86 (Pirola ) getdikcə daha çox ölkələri “ələ keçirir”.
Sözügedən ştamların sürətlə yayılması bir çox ölkələrdə ciddi təşviş yaradıb. Pandemiya çoxları üçün keçmişdə qalsa da, mutasiyaya uğramış son ştammların dünyanın bir çox ölkəsində tüğyan etməsi, üstəlik Ümumdünya Səhiyyə Təşkilatının da bu viruslarla bağlı hesabat dərc etməsi narahatlığı bir qədər də artırıb.
ÜST-nın məlumatına görə son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada yoluxmasa artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir.
Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.
Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb.  
Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COvid-19-a qarşı vaksin olunmağı tövsiyə edib. ABŞ-ın 9 ştatında və Almaniyada BA.2.86 artıq aşkar olunub.
Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.
Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb.  ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib?
Mütəxəssislər  isə payız-qış dövründə yeni koronavirus dalğasının yaranacağını istisna etmirlər.  Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 xəstələrinin sayının artması ilə bağlı hesabatları və dövlətlər daxilində nəzarəti gücləndirmək çağırışları narahatlıq doğurmaya bilməz.
İnfeksionist Sadiqə Əliyeva  “Sherg.az”a açıqlamasında deyib ki,  virus infeksiyaları  həmişə mutasiyaya uğrayıb yeni variantların yaranması xüsusiyyətinə malikdir.  Bu təkcə  Covid-19 yox, digər viruslarda da müşahidə olunur. Bundan qabaq da biz Covid 19-un bir sıra  ştamlarının yaranmasını müşahidə etmişdik. Hazırda isə  “Eris” adı ilə təqdim olunan EG.5 ştamına yoluxma artır. Buna da səbəb payız- qış mövsümündə virus infeksiyalarının aktivləşməsidir. Yəni respirator virus infeksiyalarının artımı payızda başlayır və müvafiq olaraq COVID-ə yoluxanların sayı da artacaq. 
EG.5-in də əvvəlkilər kimi öskürək, qızdırma, halsızlıq, sümük-əzələ ağrıları kimi simptomlarla müşahidə edildiyini vurğulayan infeksionist əhaliyə sanitar-gigiyenik qaydalarına əməl etməyi, düzgün və sağlam qidalanmanı tövsiyyə edir: “Vətəndaşları diqqətli olmalıdır, mümkün qədər xəstə insanlarla kontakda olmamaq lazımdır. Gigiyena qaydalarına riayət etmək, insanların sıx toplaşdığı yerlərdə olmamaq mühüm şərtdir. Hər hansı bir virusa yoluxan şəxslər ətrafındakı insanları yoluxdurmamaq üçün maskadan istifadə etməldir.  Və bir də təbii ki mövsümə uyğun geyinmək lazımdır. Həddindən artıq qalın geyinən şəxslər tərləyib özlərinə soyuğa  verirlər. Bəziləri isə soyuq havalarda nazik geyindiyi üçün xəstələnir”.